“Pirallahı rayonunun yaradılması ilə bağlı dairə hüdudlarının dəyişdirilməsi gündəmdədir”. Modern.az-a açıqlamasında bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda ərazi dairələrinin dəyişdirilməsi müzakirə oluna bilər.
A.Sarıyev Pirallahi rayonunda ərazi dairəsinin yaradılması məsələsinə toxunarkən qeyd edib ki, MSK-nin fevralın 18-də keçirilən iclasında bu müzakirə olunmasa da, məsələ gündəmdədir.
Şöbə müdirinin sözlərinə görə, may ayının sonlarında seçici siyahıları tam müəyyənləşib, MSK-nin rəsmi internet saytında yerləşdiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev bu yaxınlarda sayca 12-ci rayonunun – Pirallahı rayonunun yaradılması haqda fərman verib. Fərmanda Nazirlər Kabinetinə bir ay müddətində Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinin fəaliyyətinin təmin edilməsi üçün zəruri maliyyə vəsaiti ayrılmasını təmin edilməsi tapşırılıb.
Eyni zamanda Pirallahı rayonunda yaradılacaq bələdiyyə ölkənin bələdiyyələr siyahısına salınıb.
Sevinc İltifatqızı