Bir qrup tələbənin 27 fevralı “Azərbaycan tələbələrinin boykot günü” kampaniyası elan etməsinə etiraz əlaməti olaraq Azərbaycan Tələbələr Birliyi (ATB) bəyanat verib.
“Biz– Azərbaycan Tələbələr Birliyinin üzvləri son günlər sosial şəbəkələrdə aparılan “Azərbaycan tələbələrinin boykot günü” kampaniyası çərçivəsində tələbələrə bir gün dərslərdə iştirak etməmək üçün edilən çağırışlardan məyus olduğumuzu bəyan edir və bunun ölkə tələbələrinin inkişafına ən böyük təhlükə sayırıq”-deyə ATB-dən Modern.az-a daxil olan bəyanatda vurğulanıb.
ATB hesab edir ki, bu kampaniya çərçivəsində bir qrup insan tələbələrdən öz siyasi məqsədlərinin reallaşması üçün istifadə etməyə çalışır.
Qurum bəyan edib ki, Azərbaycanda tələbələri 27 fevralda dərslərdə iştirak etməməyə çağırmaq kimi kampaniyanın təşkili təhsil problemlərinin həllinə deyil, digər məqsədlərə xidmət edən kampaniyanın tərkib hissəsidir.
“Azərbaycan Tələbələr Birliyi olaraq əminik ki, tələbələrimiz 27 fevral tarixində təhsil aldıqları ali məktəblərə gələcək və dərslərdə iştirak etməklə bir qrup insanın çirkin məqsədlərinin həyata keçməsinə imkan verməyəcək”.