Dövlət İmtahan Mərkəzi (DİM) ötən həftə keçirilən rezidenturaya qəbul imtahanı ilə bağlı narazılıqlara münasibət bildirib.
DİM-in mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-ın sorğusuna cavab olaraq deyib ki, imtahanda 236 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
X. Xanlarzadə vurğulayıb ki, müsabiqə şərtini ödəyənlərdən 101 nəfər 4 və ya 5-ci kurs tələbələridir:
“Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar. Mayın 15-də keçirilən imtahanda 66 nəfər bu ilin, 69 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 135 namizəd ikinci mərhələyə buraxılıb. Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 596 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır".
DİM rəsmisi, həmçinin qeyd edib ki, hazırda 731 namizəd tələb olunan şərtləri ödəyib və imtahanın II mərhələsində iştirak etmək hüququ var:
“Bu say imtahanın I mərhələsinin II cəhdi keçirildikdən sonra bir qədər də artacaq. Ayrılan plan yerləri və müsabiqədə iştirak hüququ əldə edənlərin sayına baxdıqda da müsabiqə şərtinin dəyişdirilməsi üçün hər hansı bir əsasın olmadığı aydın olur”.