“Göygöl rayonunun icra başçısının Yeni Zod kənd sakini Toğrul İsmayılovu döydürməsi ilə bağlı mətbuatda yer alan məlumatlar tamamilə yalandır”.
Bu sözləri Modern.az-a açıqlamasında Göygöl rayonundan seçilmiş millət vəkili Rövşən Rzayev deyib. Deputat bu məlumatın qərəzli olduğunu və məsələni araşdırdığını qeyd edib:
“Bu haqda məlumatım var, məsələni araşdırmışam. Belə halları eşidəndə təbii ki, narahat oluram. Çünki hər bir seçicimlə sıx münasibətim var, o cümlədən Toğrulun özü ilə də. Toğrulu çox yaxşı tanıyıram. Mən bilirəm ki, Toğrul qəbulda olarkən təkcə icra başçısı deyil, digər aidiyyatlı idarə rəhbərləri də orada olub. Ümumiyyətlə, başçı tərəfindən vətəndaşların qəbulu prosesində ayrı-ayrı qurumların rəhbərləri də iştirak edirlər. Bu da ona görədir ki, vətəndaşların şikayətləri üzrə cavabdeh olan insanların da rəyi alınsın. Həmin qəbul zamanı da heç bir problem olmayıb. Sadəcə ola bilər ki, hansısa bir məsələnin həlli tapılmayıb və Toğrul o məsələdən narazı qalıb. Bundan sonra da təəssüflər ki, o bu cür yolu tutub. Allah qoysa, rayona gedəcəyəm, Toğruldan soruşacağam ki, nə mənası var idi belə yalan danışmağın?”.
Toğrul İsmayılovun döyülməsini təsdiq edən həkim arayışı məsələsinə toxunan deputat qeyd edib ki, həmin arayış döyülmə faktı ilə bağlı ola bilməz:
“Çünki belə bir hadisə baş verməyib. İcra başçısının xəstəxanaya gedərək Toğrulu ziyarət etməsi də yalandır. Başçısının yaxın ailə üzvlərindən biri xəstəxanadadır. O, xəstəxanaya qohumuna baş çəkməyə gedib. Bunu Toğrula baş çəkmək kimi dəyərləndirmək də doğru deyil. Mən hər şeyi yaxşı bilirəm. Adam hansısa probleminin həll olunması üçün yalan danışmaz.”,-deyə Rövşən Rzayev əlavə edib.
Qeyd edək ki, mətbuatda Göygölün icra başçısı Arif Seyidovun Yeni Zod kənd sakini Toğrul İsmayılovu döydürdüyü barədə məlumat yayılıb. Bu hadisənin Göygöl sakinlərilə görüşdə baş verdiyi iddia olunur.
Sevinc İltifatqızı