Yeni yaradılacaq “El” hərəkatının mart ayında fəaliyyətə başlayacağı ilə bağlı mətbuatda informasiyalar yazılır. Bu hərəkata Ziyalılar Forumun üzvü, politoloq Eldar Namazovun rəhbərlik edəcəyi gözlənilir. Bununla yeni bir siyasi qüvvə ortaya çıxa bilərmi? Bu barədə Modern.az-ın suallarını cavablandıran politoloq Qabil Hüseynlinin fikrincə, bu təşkilat o qədər də uğur əldə edə bilməyəcək.
““El” hərəkatı mövqe qazana bilməyəcək”
““El” hərəkatı cəmiyyətdə özünə mövqe qazana biləcək bir ideya deyil. Rüstəm İbrahimbəyov, Eldar Namazov nə qədər bunu təbliğ etsələr də, cəmiyyətdə bu ideyaya qoşula biləcək fəal siyasi elektrat yox dərəcəsindədir. Digər tərəfdən bu hərəkat yaranmamışdan, tərkibi elan edilməmişdən Eldar Namazov bu təşkilatın rəhbərliyi üçün böyük təhlükə gözləndiyini bəyan edir. “Qurddan qorxan sürüyə girməz” atalar sözü bu məqamda yada düşür. Əgər bəribaşdan qorxu hissi ilə yaratdığın ideyaya cəlb olunmaq istəyirsənsə, irəli gedə bilməyəcəksən. Ətrafına lazım olan elektral bazanı toplaya bilməyəcəksən”.
“Bu insanlar siyasi partiya yaratmaqda səriştəsi olmayan şəxslərdir”
Q.Hüseynli eyni zamanda bu hərəkatın ideya müəlliflərinin təcrübəsiz olduğunu deyir. “Bu insanlar siyasi partiya və hərəkat yaratmaqda səriştəsi olmayan şəxslərdir. Ümumiyyətlə, bu işin nə qədər mürəkkəb olduğunu o dərəcədə də dərk etmirlər. Çünki praktikalarında birinci dəfədir ki, məsuliyyətli yükün altına girirlər. Ancaq bu prosesə qoşulandan sonra görəcəklər ki, belə bir iş böyük vəsait, enerji, xalqla işləmək məharəti tələb edir. Bu mənada bu adın ətrafında yaradılan gurultulu təbliğat kampaniyası praktikada özünü doğrultmayacaq. Bu ideyanın kənar təsirlərə də məruz qaldığını nəzərə alsaq, tərəfdarlarının olub-olmayacağı məsələsi sual altına düşür”.
Əlahəzrət Rusiya
Q.Hüseynli onu da qeyd edib ki, kənar təsir deyərkən Rusiya amilini nəzərdə tutur. Siyasi ekspert əlavə edib ki, Rusiya bölgədə siyasi gərginlik yaratmaq niyyətindədir. Buna görə də müxtəlif vasitə və üsullardan istifadə edir.
“Rusiya Gürcüstanda yaşayan azərbaycanlıları da separatizm meyllərinə cəlb etmək üçün Söyün Sadıqovun fəaliyyətindən istifadə etməyə çalışır. Halbuki, orada yaşayan azərbaycanlılara separatizmə qoşulmaq və yaxud hər hansı bayraq uğrunda mübarizə aparmaq lazım deyil. Bu, vaxtında atılmalı olan bir addım idi, amma indi gecdir. Gürcüstandan azərbaycanlı siyasi fəalların Azərbaycana köçdüyü bir vaxtda bölgədə yeni hərəkatın yaranması xarici qüvvələrin əlində oynamaq deməkdir. Həmçinin bunu Gürcüstan-Azərbaycan dostluğuna zərbə vurmaq kimi də dəyərləndirmək olar”.
““Milyarderlər İttifaqı” Azərbaycandakı siyasi proseslərə cəlb edilmək üçündür”
Politoloq bildirib ki, Rusiya müxtəlif adamların xidmətindən yararlanmaqla siyasi fəndlərə əl atır.
“Təəssüflər olsun ki, müəyyən şəxslər dediyimiz adamların da Rusiyanın atdığı addımda rolu var. Bu bölgədə hegemonluq, neoimperialist cəhdlər uğrunda mübarizə aparan yeganə dövlət Rusiyadır. Kənar təsir deyərkən, bütün şübhələr Rusiyanın üzərinə yönəlir. Orada yaranmış “Milyarderlər İttifaqı”, “AzərRos” təşkilatı da bir növ Azərbaycandakı siyasi proseslərə cəlb edilmək üçündür. Buna nail olmaqdan ötrü ciddi cəhdlər edilir”-deyə vurğulayıb.
Aqşin Kərimov