Ötən həftə prezident İlham Əliyevin sərəncamı ilə İsmayıllı rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Mirdaməd Sadıqov yerli sakinlərlə mütəmadi olaraq görüşlərə başlayıb. Keçirdiyi ilk toplantıda rayon sakinlərin problemlərinin vaxtında həll ediləcəyini deyən icra başçısı bununla bağlı ölkə başçısına söz verdiyini bildirmişdi.
M.Sadıqovun göstərişi ilə İsmayıllıda məmur özbaşnalığının, rüşvətxorluğun və bu kimi neqativ halların qarşısını almaq üçün yeni “Qaynar xətt” xidməti yaradılıb. Bu barədə Rayon İcra Hakimiyyətinin Modern.az-a məlumat verilib.
Bildirilib ki, icra başçısının tapşırığı ilə təsis edilən 108 nömrəli “Qaynar xətt” xidməti vasitəsilə yerli sakinlər dövlət qurumlarında üzləşdikləri haqsızlıqlar, rüşvət, korrupsiya faktlarına dair şikayətlərini bildirəcəklər.
M.Sadıqov “Qaynar xətt”ə daxil olan şikayətlərin ciddi araşdırılmasını və ona gündəlik məlumatların verilməsini tapşırıb.
Nizami Ələkbərovun buraxdığı səhvləri təkrarlamayacağını qarşısına məqsəd qoyan M.Sadıqov ötən gün 320 rayon sakinini qəbul edib. Yerli sakinlərin problemlərini dinləyən M.Sadıqov əlindən gəldiyi qədər insanlara köməklik edəcəyini bildirib.
Sakinlərin qəbul günündə icra başçısı ilə yanaşı, Milli Məclisin İsmayıllıdan seçilən deputatı Novruz Aslanov da iştirak edib.
Anar RÜSTƏMOV