Modern.az

İsa Qəmbər müxalifətə səsləndi: “Mitinqlər davam etdirilməlidir”

İsa Qəmbər müxalifətə səsləndi: “Mitinqlər davam etdirilməlidir”

Təhsil

22 Fevral 2013, 15:33

Bu gün Müsavat Partiyasının qərargahında İsmayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun Hüquqlarının Müdafiə Komitəsinin təsis toplantısı keçirilib.   Partiyanının mətbuat xidmətindən Modern.az-a verilən məlumata gör görə, Müsavat Divanının üzvü, T.Yaqublunun Hüquqlarının Müdafiə Komitəsinin sədri  Qubad İbadoğlunun sədrliyi ilə başlayan iclasda Müsavat başqanı İsa Qəmbər, müavini Gülağa Aslanlı, Müsavat Partiyasının Məclis sədri  Arzu Səmədbəyli, “Yeni Müsavat” qəzetinin baş redaktoru  Rauf Arifoğlu, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, RATİ sədri Emin Hüseynov, İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Hacı İlqar İbrahimoğlu, Pənah Hüseyn, Mehriban Vəzir, hüquq müdafiəçiləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Arzu Abdullayeva və bir çox partiya fəalları, ictimaiyyət və  diplomatik korpus nümayəndələri, jurnalistlər iştirak ediblər.

Komitənin iclası zamanı bildirilib ki, bu qurum İsmayıllı hadisələrində həbs edilmiş digər siyasi məhbusları, həmçinin REAL-ın mövqeyini diqqətə almaq şərti ilə İlqar Məmmədovu da müdafiə edir. Q. İbadoğlu komitənin yaradılmasını müdafiə işinin təşkili istiqamətində atılan ilk addım hesab etdiyini deyib. O, həmçinin həbslərin səbəbləri haqda danışaraq, İsmayıllıda baş verən hadisələrin  bu regiondakı sosial-iqtisadi vəziyyətlə bağlı olduğunu qeyd edib.

İclasda T. Yaqublu, İ. Məmmədov və İsmayıllı hadisələri zamanı həbs olunan şəxslərin işinə ədalətli baxılması və sərbəst buraxılması ilə bağlı müraciət qəbul olunub.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu komitənin iclasında deyib ki, T. Yaqublu İsmayıllıya  sözügedən qəzetin əməkdaşı kimi gedib. Onun sözlərinə görə Tofiq Yaqublunun ezamiyyətə göndərildiyi haqda sənəd Baş Prokurorluğa təqdim edilib: “Ortada bu qədər sübut ola-ola, istintaq Tofiq Yaqublunun ora siyasətçi kimi getdiyini israr edir. Bu qərəzli yanaşmadır”.

R. Arifoğlu deyib ki, T. Yaqublunun həbsinin Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA)baş verən hadisində əsas təqsirləndirilənlərdən biri olan Gürcüstan vətəndaşı, milliyyətcə erməni və axtarışda olan Mardun Qumaşyandan müsahibə alması, o cümlədən həmin şəxslə bağlı başqa materialları yazması da səbəblərdən biridir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, bu həbslər fəal insanların cəzalandırılması  və cəmiyyətin gözünün qorxudulması məqsədi daşıyıb:

“Bizim görəcəyimiz əsas iş həqiqəti demək, bu həbslərin bizi dayandırmayacağını nümayiş etdirməkdir. Hakimiyyət cəmiyyətlə müxalifət arasında sədd çəkmək istəyir. Biz isə buna qarşı getməliyik. Bölgələrə siyasətçilərin, medianın səfərləri tez-tez reallaşdırılmaldır. Mitinqlər, piketlər və yürüşlər davam etdirilməlidir. Bu il Azərbaycanda dəyişikliklər zəruridir və labüddür”.

İ. Qəmbər T. Yaqublu və İ. Məmmədovun mübarizəsinin təqdir olunduğunu söyləyib. Həmçinin bildirib ki, T.Yaqublu həbs olunmasaydı da İ.Məmmədovu müdafiə edəcəkdilər .


REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli Müsavat Partiyasının bu təşəbbüsünü müsbət dəyərləndirib: “İlqar Məmmədovun prezidentliyə namizədliyi də irəli sürüləcək. Biz işimizi bu istiqamətdə də quracağıq”. O, müdafiənin vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə qurulmasının təşəbbüskarı olduğunu da qeyd edib.

T.Yaqublunun qızı Nigar Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin sədri Mehriban Vəzir çıxışında komitələrin fəaliyyətə başlamasını müsbət qiymətləndirdi və bildirdi ki, N.Yaqublu bu gün azadlıqda olmasa da,  müdafiə  komitəsi cəmiyyətin  hakimiyyətə müqavimətini təşkil edə bildi.   

RATİ sədri Emin Hüseynov isə jurnalistlərin və QHT nümayəndələrinin İsmayıllıya səfər edib , hadisələri yerindəcə araşdırmaqla beynəlxalq təşkilatlara hesabat hazırlanmasını təklif edib.

Monitorinq qrupunun üzvü Səidə Qocamanlı  məlum həbslərdən sonra müdafiə istiqamətində gördükləri işlərdən danışıb. O, bildirib ki, T.Yaqublunun və İ.Məmmədovun həbsi ilə bağlı ABŞ, Böyük Britaniya  və Fransa səfirlikləri, Avropa İttifaqının Bakı ofisində görüşlər keçiriblər. S.Qocamanlı məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubovla da görüşdüklərini, qarşıdakı günlərdə isə baş prokuror Zakir Qaralovla görüş planlaşdırdıqlarını bildirdi.   

Toplantının sonunda Q.İbadoğlu müdafiə komitələrinin əməkdaşlığının mühüm əhəmiyyətindən danışdı və komitənin fəaliyyət proqramını açıqladı.

 

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir