Modern.az

Ermənistanda kütləvi mitinqlərə çağırış - inqilab başlayır

Ermənistanda kütləvi mitinqlərə çağırış - inqilab başlayır

Təhsil

22 Fevral 2013, 23:32


Modern.az
xəbər verir ki, 18 fevralda keçirilmiş prezident seçkilərində indiki dövlət başçısı Serj Sərkisyanın əsas rəqibi olan eks-xarici işlər naziri, “İrs” Partiyasının sədri Raffi Ovannisyan qələbəsinin tanınması üçün ölkə boyu etiraz mitinqlərinin keçiriləcəyini bəyan edib.

Fevralın 22-də paytaxt İrəvanda keçirilən mitinqdə tərəfdarlarına müraciət edən müxalifət lideri prezident Serj Sərkisyanla cümə axşamı keçən görüşü barədə danışıb.

O deyib ki, prezidentlə görüşdə Sərkisyandan “xalqın qələbəsini, yəni Raffi Ovannisyanın seçkilər nəticəsində Ermənistan prezidenti seçildiyni tanıyırsınız” sualına ölkə başçısından “yox”  cavabı eşidib. Ovannisyanın sözlərinə görə, seçkiləri saxtalaşdıran məmurların cəzalandırılmasını, parlamenti və hökumət kabinetini buraxıb, yeni parlament seçkiləri keçirmək təklifi də rədd edilib.

“İrs” Partiyasının sədri Ermənistanın ikinci böyük şəhəri Gümrüdə, Vanadzorda və başqa şəhərlərdə, bazar günü isə İrəvanda mitinqlər keçiriləyini elan edib.

22 fevralda Raffi Ovannisyanın başçılıq etdiyi izdiham İrəvanın mərkəzi küçələri ilə yürüş edib. “BBC Azərbaycanca”nın məlumatına görə, polis nümayişçiləri kənardan müşayiət edib. Nümayişçilər “Ermənistan!" və “Qələbə!” şüarlarını qışqırıblar.

Ötən gün prezident Serj Sərkisyanla görüşən Raffi Ovannisyan rəqibini manipulyasiya nəticəsilə qələbə əldə etməkdə suçlayıb.

“İrs” Partiyasının mətbuat katibi Hovsep Xurşudyan bir siyahı təqdim etdi. Siyahıda hətta rəsmi nəticələrə görə, Raffi Ovannisyanın Ermənistanın əksər şəhərlərində qalib gəldiyi qeyd olunur. Serj Sərkisyanın lehinə ucqar kəndlərdə daha çox adamın səs verdiyi bildirilir.

Raffi Ovannisyanı digər müxalif qüvvələr də dəstəkləyiblər.

İrəvanın mərkəzində keçən mitinqdə Serj Sərkisyanın namizədliyini etibarsız tanımaq tələbi ilə 30 gün aclıq aksiyası keçirən prezidentliyə digər namizəd Andrias Qukasyan Raffi Ovannisyanı təbrik edib.

“Daşnaksütyun” Partiyasının nümayəndəsi Armen Rustamyanın da Raffi Ovannisyanın mitinqinə qatılıb. O daşnakların Raffi Ovanisyanın aksiyalarına qoşulduğunu təsdiqləyib.

Çıxışçıların bəziləri, o cümlədən Qukasyan xalqı vətəndaş itaətsizliyinə çağırıb.

Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, fevralın 18-də keçən prezident seçkilərində Serj Sərkisyan səslərin 58.64 faizini yığıb. Onun əsas rəqibi Raffi Ovannisyan 36.74 faiz səslə ikinci yeri tutub.

Seçkilərin gedişini izləyən ATƏT və MDB müşahidəçiləri bu prezident seçkilərini Ermənistan tarixində ən yaxşı seçkilər kimi qiymətləndiriblər.

Müşahidəçilər bir sıra qüsurlar qeyd edsələr də, onların ümumi nəticələrə təsir etmədiyini bildiriblər.

R.Ovannisyan növbəti mitinqini fevralın 23-ə təyin etsə də, hakimiyyət dairələri onun keçirilməsinə razılıq verməyib. Lakin keçmiş namizəd geri çəkilmək fikrində deyil.

A.Qorxmaz


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir