“Azərbaycanda internetin senzurası ilə bağlı nə hökumətdə, nə də başqa yerdə müzakirə gedir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O, internetin nəzarət altına alınması mexanizminin çox çətin olması ilə bağlı dəfələrlə fikir bildirdiyini qeyd edib.
“Çox təəssüf ki, bəzi opponentlərimiz milçəkdən fil düzəldirlər. Amma dəfələrlə bildirmişik ki, televiziya və radio ayrıca fəaliyyət sahəsidir. Onun yayımın müxtəlif yolları var. Yayımın biri internet, biri peyk, biri efir, biri də kabel yayımıdır. Eyni fəaliyyət sahəsidir. İnternetdən başqa fəaliyyət sahəsinin hamısı tənzimlənir”.
N.Məhərrəmli qeyd edib ki, Avropa Şurasında internetin tənzimlənməsi mexanizmi öz həllini tapandan sonra ona uyğun Azərbaycanda iş qurulacaq.
“Yəni internetə hər hansı senzuradan söhbət gedə bilməz. Çox təəssüf ki, bizim opponentlər bundan yerli şou yaratmaq fikrindədirlər. Bir daha bildirirəm ki, Azərbaycanda internetin senzurası ilə bağlı nə hökumətdə, nə başqa yerdə müzakirə gedir”, – deyə MTRŞ sədri vurğulayıb.
Aytən Əliyeva