Modern.az

İsmət Abbasov Ramiz Mehdiyevə müraciət etdi

İsmət Abbasov Ramiz Mehdiyevə müraciət etdi

Təhsil

23 Fevral 2013, 14:49

Kənd təsərrüfatı naziri Prezident Administrasiyasının rəhbərindən xahiş edib ki...

Kənd Təsərrüfatı Nazirliyində keçirilmiş kollegiya iclasında dövlət satınalmalarının Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun təşkil edilməsi vəziyyəti və dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım və subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi ilə əlaqədar təkliflər hazırlanması barədə məsələlər geniş müzakirə edilib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, kollegiya iclasında Aparatın şöbə müdirləri, Nazirlik yanında Dövlət Agentliyi, Xidmətlərin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm Mərkəzinin, Toxum Müfəttişliyinin rəhbərliyi və digər aidiyyəti şəxslər iştirak ediblər.

Qeyd edilib ki, prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 12 fevral 2013-cü il tarixdə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq iri fermer-taxılçılıq təsərrüfatlarının yaradılmasını, yeni torpaq sahələrinin dövriyyəyə buraxılmasını, rayonların xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması barədə təkliflərin hazırlanmasını, fermerlərə dövlət dəstəyinin gücləndirilməsini və fermerlərin elektron qeydiyyat sisteminin, logistika və tədarük mərkəzlərinin yaradılmasını, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsini, subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsini, aqroparkların yaradılmasını tapşırmaqla yanaşı,  vətəndaşların, həmçinin sahibkarların müraciətlərinə, ərizə və şikayətlərinə daha diqqətlə yanaşılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə də müvafiq göstərişlər verib.

Ölkə başçısı kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım və subsidiyaların verilməsində nöqsanlara yol verildiyi, bəzi hallarda verilən yardımların ünvanlarına çatmadığı, istehsal sahələrinin faktiki olandan artıq göstərildiyi, xaricdən lazım olan avadanlıqların və digər vasitələrin yüksək qiymətə gətirilməsi və icrası vacib olan digər məsələlər barədə iradlarını bildirib və bu nöqsanların aradan qaldırılması üçün tapşırıqlarını verib.

"Bununla əlaqədar müvafiq təkliflərin hazırlanması məqsədilə 14 fevral 2013-cü il tarixdə rayon İcra hakimiyyətləri başçılarına subsidiya verilməsində şəffaflığın təmin edilməsində, subsidiyaların ödənilməsi qaydalarının fermerlərin təklifləri nəzərə alınmaqla təkmilləşdirilməsi, habelə kənd təsərrüfatı sahələrinin ixtisaslaşması və sair məsələlər barədə təkliflərini mümkün qısa müddətdə təqdim edilməsi barədə müraciət edilib,15 fevral 2013-cü il tarixdə nazirlikdə işçi qrupu yaradılıb, 15 fevral 2013-cü il tarixdə icra hakimiyyəti başçılarına və nümayəndələri rayon Komissiyalarının üzvü olan İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Statistika Komitəsinə müvafiq göstəriş verilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərindən xahiş edilib"-deyə nazirlikdən bildirilib.

Eyni zamanda dövlət büdcəsinin vəsaiti hesabına texnika və avadanlıqların, gübrələrin, mal-qaranın, cihaz, dərman preparatlarının və s. alınmasında, iş və xidmətlərin görülməsində şəffaflığın və aşkarlığın təmin edilməsi, görülən hər bir konkret işə nəzarətin gücləndirilməsi üçün ciddi tədbirlərin görülməsi barədə 15 fevral 2003-cü il tarixdə, Nazirliyin yanında Dövlət Agentliyi və Xidmətlərin, Aqrar Elm Mərkəzinin, “Aqrolizinq” ASC-nin, Dövlət Toxum və Texniki Nəzarət Müfəttişliklərinin rəhbərlərinə ciddi tapşırıqlar verilib.

Kollegiyada ölkə başçısının irad və təkliflərinin icrasını təmin etmək məqsədilə hazırlanmış Kənd Təsərrüfatı Nazirliyinin Tədbirlər Planı təsdiq edilib.

Kənd Təsərrüfatı Nazirliyi sistemi üzrə mallar, işlər və xidmətlərin satınalmaları həyata keçirilərkən şəffaflığın və obyektivliyin təmin edilməsi, satınalma prosedurlarında “Dövlət satınalmaları haqqında” qanununun tələblərinə ciddi riayət edilməsi, məhsul istehsalçılarından, rayon icra hakimiyyətlərindən daxil olan təkliflər əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardım və subsidiyaların verilməsi Qaydalarının daha da təkmilləşdirilməsi üçün qısa müddətdə Nazirliyin təkliflərinin Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir