Konqresə təqdim olunmuş layihədə əsas prioritet vətəndaş cəmiyyəti və təhlükəsizlik sektorudur
ABŞ 2013-cü il üçün Azərbaycana maliyyə yardımını azaldıb. Modern.az saytı bildirir ki, bu barədə ABŞ Konqresinə təqdim olunmuş 2013-cü il üçün xarici proqramların maliyyələşməsinə dair layihədə qeyd olunub. Bu il üçün Vaşinqton Azərbaycana 16,3 milyon dollar pul ayırıb. 2012-ci ildə isə bu məbləğ 20,8 milyon dollar olub. Builki məbləğ ötən illə müqayisədə təxminən 4 milyon 535 min dollar azdır. Bu isə ABŞ-ın Azərbaycana humanitar yardımı 21,8 faizə qədər azaltması deməkdir. Konqres üçün hazırlanmış sənəddə bildirilir ki, bu azalma büdcə kəsiri ilə bağlı problemlərə görə bütün daxili və xarici maliyyələşmələrdə nəzərə alınıb.
Azərbaycan üçün ayrılan məbləğin böyük hissəsi təhlükəsizlik, orduda aparılan islahatların dəstəklənməsinə, insan haqları və demokratik proseslərə töhfə verən təşkilatlara qrantların ayrılmasına və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə bağlı layihələr nəzərdə tutulur.
Belə ki, insan haqları və qanunun aliliyi ilə bağlı proqramlara 2 milyon dollar, effektiv idarəetməyə 1 milyon 200 min dollar, siyasi rəqabətlilik və konsesnus əldə etmə sahəsinə 1 milyon 200 min dollar, vətəndaş cəmiyyətinin qurulmasına 3 milyon 600 min doların ayrılması nəzərdə tutulur.
Ən çox vəsait təhlükəsizlik sahəsində əməliyyatlara və bu sektorda islahatların aparılmasına yönəldilib - 3 milyon 525 min dollar.
Sənəddə deyilir ki, 2013-cü il üçün ayrılmış vəsait regional təhlükəsizlik sahəsində əməkdaşlıq səylərinin artırılmasına yönəlik islahatların genişləndirilməsinə, demokratik institutların və proseslərin inkişafı üçün nəzərdə tutulub.
X. SƏFƏROĞLU