Modern.az

Deputat seçicilərinə məmur övladlarından danışdı

Deputat seçicilərinə məmur övladlarından danışdı

Təhsil

25 Fevral 2013, 15:15

“Qədim romalılar da deyirdilər ki, ən qısa əmr şəxsi nümunədir”

Xəbər verdiyimiz kimi, Ədalət Partiyasının sədri, Milli Məclisin üzvü İlyas İsmayılov ötən həftə deputat seçildiyi 106 saylı Seçki dairəsini əhatə edən Ağstafa və Qazax rayonlarında səfərdə olub. O, fevralın 20-də Ağstafada, 21-də isə Qazaxda keçirilən rayon İcra hakimiyyətlərinin 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqlarında iştirak edib.

İlyas İsmayılov bildirib ki, o, hər iki konfransda çıxış edib.  Və çıxışlarının ikisində də  bu rayonlarda həqiqətən də böyük quruculuq-abadlıq işlərinin görüldüyünü vurğulayıb:

“Milli Məclisə oradan seçilmiş deputat olaraq mən də onların bu uğurlarına sevindiyimi bildirdim. Əlbəttə, mənim və ya başqa deputatin onlara hər hansı göstəriş, tapşırıq vermək səlahiyyətimiz yoxdur. Biz onlara yalnız uğurlarının daha da çox olması üçün müəyyən arzularımızı, istəklərimizi bildirə bilərdik. Elə də etdim və bəzi arzularımı onların nəzərinə çatdırdım”.

Mətbuat xidməti bildirir ki, İlyas İsmayılov çıxışlarında daha sonra bunları deyib:

“Yəqin ölkə başçısının 12 fevral müşavirəsindəki məşhur çıxışı yadınızdadır. Həmin çıxışda səslənən fikirləri nəzərə alaraq hesab edirəm ki, biz öz fəaliyyətimizə, işlərimizə qiymətvermə meyarını dəyişməliyik. İndiyədək adətən statistik metoddan istifadə etmişik və edirik. Biz bu məsələyə bir az geniş və fərqli yanaşmalıyıq. Və mən hesab edirəm ki, bizim öz fəaliyyətimizə qiymət verməyimizin birinci meyarı İlahi qanun olan ədalət olmalıdır. Belə etsək insanlararası münasibətlərdə, vətəndaşlarla dövlət arsındakı münasibətlərdə tolerantlıq nümayiş etdirmiş olarıq. Bu isə öz növbəsində  vətəndaşlarla dövlət arsında qarşılıqlı əməkdaşlıq mühitinin yaranmasına gətirib çıxarar. Biz məsələyə ədalət meyarından yanaşsaq, onda heç bir klan, yaxud korrupsiyaya uğramış hansısa qrup cəmiyyətə hökmranlıq edə bilməz. Cəmiyyətin bütün təbəqələrinin arzu və istəkləri, ehtiyacları nəzərə alınar. Hamı qanun və məhkəmə qarşısında bərabər olar. Məhkəmə də sifariş yox, qanunlar əsasında işləyər. Fərdin və bütün vətəndaşların hüquqlarının təminatçısı rolunda çıxış edər. Belə olarsa, haqqında  Prezidentin də kəskin fikir bildirdiyi məmurların və onların övladlarının harınlığı hallarının da qarşısı alınar. Qiymətləndirmənin ikinci meyarı inam-xalqın inamı olmalıdır. Məsələn, bizdə hüquq-mühafizə orqanlarının fəaliyyətinə qiymət həmişə cinayətlərin sayına və onların üstünün açılması faizinə görə verilib. Həmin tendensiya bu gün də davam edir_”-deyə deputat çıxış edib.

Milli Məclisin üzvü daha sonra çıxışında bir sıra məsələlərə toxunub: “Heredot deyirdi ki, hər bir xalqın həyatı üç mərhələdən keçir: birinci mərhələ - qələbə, ikinci mərhələ - bu qələbənin yaratdığı eyforiyadan lovğalanmaq, üçüncüsü -  bunun labüd və məntiqi nəticəsi olaraq mənəvi düşgünlüyə düçar olub məğlub olmaq. Ona görə də biz təkəbbürə qarşı mübarizə aparmalı, təvazökar olmalyıq. Təvazökarlıq insanın yaraşığı olmalıdır. Yeri gəlmişkən, böyük rus yazıçısı Lev Tolstoy deyirdi ki, insanın qiymətini kəsr xətti ilə müəyyən etmək olar. Kəsrin surətində onun əsl qiyməti, məxrəcində isə özünün özü haqda fikri durur. Yəni insanın özünün özü haqda fikri nə qədər yüksək olsa, kəsr bölünəndə surəti aşağı düşər. Ümumiyyətlə, vəzifəli şəxsin xalqı özünə inandırmağının, yəni əhalinin inamını qazanmasının bircə yolu var, o da şəxsi nümunədir. İndi elə bir dövrdə yaşayırıq ki, artıq heç kimi sözlə inandırmaq, piarla öz tərəfinə çəkmək olmur. Qədim romalılar da deyirdilər ki, ən qısa əmr şəxsi nümunədir. Amma elə adamlar var ki, vəzifəcə özündən səlahiyyətlisini görəndə ona verilən işgəncədən mazoxist kimi, tabeçiliklərindəkilərə əziyyət verərkən isə sadist kimi həzz alırlar. Halbuki belə olmamalıdır. Vəzifə tutan, xüsusən də yüksək vəzifə tutan şəxs hamıya, ən çox da tabeçiliyindəkilərə həm biliyi, həm ədaləti, həm alicənablığı, həm  gözütoxluğu, həm də davranışı ilə nümunə olmalıdır.”.    

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir