Modern.az

Ölkə məscidlərində Qarabağ azanı səsləndi

Ölkə məscidlərində Qarabağ azanı səsləndi

26 Fevral 2013, 15:11

Xocalı soyqırımının ildönümü ərəfəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası və “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İB-nin dəstəyi ilə həyata keçirilən “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə” kampaniyası davam edir. Kampaniya çərçivəsində bu gün bütün ölkə boyu məscidlərdə günorta namazında Qarabağ azanı səsləndirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, indiyədək Bakı və Sumqayıt şəhərləri üzrə 20-dən çox, ölkəmizin digər regionlarında 50-dən artıq dini icma bu kampaniyaya qoşulub və proses davam edir.

Xatırladaq ki, kampaniya çərçivəsində fevralın 22-də Ağdamın Çəməli kəndində, cəhbənin 2 kilometrliyində yerləşən “Cümşüd” məscidində azan səsləndirilmişdi. Həmin tədbirdə DQİDK sədri Elşad İskəndərov tərəfindən irəli sürülən təşəbbüs dini icmalar tərəfindən dəstəklənmişdi. Belə ki, Dövlət Komitəsinin sədri Qazi Qarabağ azanının ən azı həftədə bir gün - Cümə günləri ölkənin bütün məscidlərindən səsləndirilməsi təşəbbüsünü irəli sürmüşdü. Bundan başqa Xocalı soyqırımı günü adlçəkilən azanın ölkə məscidləri ilə yanaşı, dünyanın 30-dan çox ölkəsində keçiriləcək anım tədbirlərində, o cümlədən müsəlman ölkələri olan Türkiyə, İran, Pakistanda da səsləndirilməsi təşəbbüsü irəli sürülmüş və tədbirdə iştirak edən xarici ölkələrin səfirliklərinin nümayəndələri tərəfindən dəstəklənmişdi.

Qeyd edək ki, Qazi Qarabağ azanı işğaldan əvvəl Ağdam və Şuşa “Cümə” məscidlərindən səsləndirilən son azandır. Azan Qarabağın məşhur simalarından olan Hacı Hafiz Sədrzadə tərəfindən səsləndirilmiş və və lentə köçürülmüşdür. 20 ildən sonra dini icmaların irəli sürdüyü təşəbbüslə qeyd olunan azanın cəhbə bölgəsində səsləndirilməsi Dövlət Komitəsi tərəfindən dəstəklənmişdi.

Dini Komitə hesab edir ki, “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə” kampaniyasının əsas məqsədi ölkədə fəaliyyət göstərən dini icmalarda, o cümlədən ictimaiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular