Fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Bum qəsəbəsində atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında iştirak edib.
Azərbaycan Atıcılıq Federasiyasının vitse–prezidenti Rasim Rzayev dövlət başçısına məlumat verib ki, Qəbələ atıcılıq klubunun layihəçisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur. Tikintisinə ötən ilin iyun ayında başlanılan Qəbələ atıcılıq klubunun birinci mərhələsinin inşası tam başa çatdırılıb.
Prezidentə bildirilib ki, kluba gələnlər elektromobillərlə atəş zonasına daxil olacaq. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilib. Atəş zonasında silahlar boşaldıldıqdan sonra təhvil alınacaq. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə klubun ərazisində müşahidə kameraları və yanğından mühafizə məntəqələri yaradılmışdır. Atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Bu məqsədlə ərazidə bir neçə uçan hədəf aparatları yerləşdirilib.
Prezident İlham Əliyev idman silahı ilə uçan hədəflərə bir neçə sərrast atəş açıb.
Prezident İlham Əliyev atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsində görülən işlərdən razılığını bildirib, sonrakı mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.