Modern.az

Bu rayonun məzunları niyə az bal toplayır – Deputat səbəblərini AÇIQLADI

Bu rayonun məzunları niyə az bal toplayır – Deputat səbəblərini AÇIQLADI

Təhsil

11 İyun 2022, 16:44

Ötən ilin statistik göstəricilərinə əsasən, ali məktəblərə qəbul imtahanlarında bəzi rayonların məzunları zəif nəticə göstərib.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ötən tədris dövründə Ağsu, Daşkəsən, Astara, Göygöl, Samux, Kürdəmir, Ağdaş, Ucar, Goranboy, Şamaxı, Qobustan, Saatlı, Zərdab rayonlarının və Naftalan şəhərinin məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

 

Abituriyentlərin bu cür nəticələr göstərməsi ürəkaçan deyil. Ekspertlər bunu adları çəkilən rayonlarda təhsilin səviyyəsinin aşağı olması, nöqsanların vaxtında aradan qaldırılmaması ilə əlaqələndirirlər.

 

 

Bu barədə Modern.az-a danışan 92 saylı Zərdab-Ucar seçki dairəsindən seçilən deputat Jalə Əliyeva təmsil etdiyi rayon üzrə DİM-in açıqladığı statistikanın arxasında bəzi səbəblərin dayandığını söyləyib:

 

“Belə nəticə yalnız mənim təmsil etdiyim rayonlarda özünü göstərməyib. Statistikaya əsasən, bir sıra başqa rayonlarda da xoş olmayan nəticə qeydə alınıb. Əlbəttə, bunun obyektiv və subyektiv səbəblərini araşdırmaq lazımdır. Səbəblərdən biri 2019-cu ildən tətbiqinə başlanan kurikulum sistemidir. Əgər statistikaya baxsaq, bu üç il ərzində qəbul faizi kifayət qədər aşağı olub. Kurikulumun tətbiqinə qədər 700-ə qədər bal toplayanların sayı çox idi, lakin kurikulumun tətbiqindən sonra yüksək bal toplayanların sayı azaldı”.

 

Deputatın sözlərinə görə, adları çəkilən rayonlarda kurikuluma qədər toplanan bal sayı yüksək olub:

 

“Xatırlatmaq istəyərdim ki, 600 bal və daha yüksək nəticə əldə edən abituriyentlərimiz olub. 2019-cu ildən sonra bu say aşağı düşüb”.

 

Digər səbəblərə gəlincə, deputat bəzi orta məktəblərdə təhsil səviyyəsinin aşağı olması, yuxarı siniflərdə şagirdlərin, xüsusilə də qızların təhsildən yayınması hallarını diqqətə çatdırıb:

 

“Ancaq bunları monitorinq keçirmədən dəqiq demək olmaz. Düşünürəm ki, tələm-tələsik nəsə söyləmək düzgün deyil. Təmsil etdiyim rayondan danışmalı olsam, deyə bilərəm ki, Zərdab Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabinin yurdudur. Zərdab rayonu təhsilə hər zaman dəyər verib. Hələ ötən əsrlərin əvvələrində zərdablılar mütləq qızlarını oxutmaq istəyiblər. Lakin ötən ilki nəticələr məni həqiqətən üzdü”.

 

 

Deputat daha sonra yaşlı müəllimlərin gənclərlə əvəzlənməsindən söz açaraq, bunun da nəticələrə təsirsiz ötüşmədiyini vurğulayıb:

 

“Mən bir səbəbi də qeyd etmək istərdim ki, yaşlı müəllimlərin, təcrübəli kadrların gənclərlə əvəz edilməsi siyasətini bütün ölkə boyu aparırıq. Problemin bir səbəbini də bunda axtarmaq lazımdır. Təbii ki, ölkə gəncləşir, hər yerdə gənclərə ehtiram göstərilir. Eyni zamanda, təhsil sahəsində uşaqlarımıza bilik verən müəllimlər arasında gəncləşmə müşahidə edilir. Bu, əslində inkişaf edən ölkə üçün normal haldır. Amma bəzən bunu süni şəkildə ediriksə, biliyi, savadı, qabiliyyəti, stajlı müəllimi sırf yaş senzinə görə işdən uzaqlaşdırıb, onun yerinə təcrübəsi olmayan gənc müəllimi gətirib yerləşdiriksə, o zaman ola bilər ki, həmin gəncin təhsil verdiyi uşaqlar kifayət qədər hazırlıqlı olmasınlar. Təhsil məsələsində obyektivliyi itirib, subyektivliyə yol verməmək lazımdır. Problem varsa, səbəbi araşdırılmalı, monitorinq aparılmalı, müəllim imtahan verməlidir. Bu zaman biz təhsildəki problemin səbəblərini üzrə çıxarmış olacağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu