İyunun 14-də - "Son zəng" günü sosial mediada bəzi fotolar müzakirələrə səbəb olmuşdu. Onlardan biri Şabran rayonunun Qələgah kənd ümumi orta məktəbində çəkilmişdi...
Bu məktəbin cəmi 3 şagirdinin məzun olması maraq doğururdu. Qələgah kənd məktəbi 9 illik olduğundan məzunları 11-ci sinfədək təhsil almaq üçün digər məktəblərə üz tutmalı olurlar.
Bu il məzun olan doqquzuncuların sinif rəhbəri Atabala Temiyev Modern.az-a əvvəllər "Son zəng" mərasimlərinin fərqli olduğunu söyləyib:
“Bu il 3 uşaq idilər. Onlardan ikisi oğlan, biri qızdır. Çox tərbiyəli, dərslərinə davamiyyəti yerində olan, bir o qədər də öyrənməyə meyilli uşaqlardılar. Buraxılış imtahanlarında yüksək qiymətlər əldə ediblər. 2 ildir ki, onların sinif rəhbərləri mənəm, inanıram ki, bundan sonra da məktəbimizin, rayonumuzun adını uca tutacaqlar”.
Müəllim qeyd edib ki, bu il "məktəbə əlvida" deyən məzunlar təhsillərini davam etdirəcəklər:
“Sinfin yeganə qız şagirdi Aysun Muradova buraxılış imtahanında yaxşı nəticə göstərdi, inşallah, kollecə getmək istəyir, ailəsi də “son zəng”də onun təhsilini davam etdirəcəyini bildirdi. Digər şagirdimiz İlkin Qafarlı fiziki gücü ilə məktəbdə seçilirdi. O sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. Xəstə olduğu üçün “son zəng”də iştirak etməyən məzunumuz Şəhriyar Şahverdiyev isə rayon mərkəzindəki məktəblərin birində 11 illik təhsil almağa yollanacaq”.
Qeyd edək ki, Qələgah kənd məktəbində cəmi 19 şagird təhsil alır.
Elmar Hüseynov