Modern.az

İmtahandan qovulan abituriyentə 2-ci şans verilsin? - DİM “yox” deyir, ekspert isə...

İmtahandan qovulan abituriyentə 2-ci şans verilsin? - DİM “yox” deyir, ekspert isə...

Təhsil

22 İyun 2022, 12:56

Builki qəbul imtahanlarının birinci mərhələsi artıq başa çatıb. İmtahan qaydalarını pozduğuna görə, xeyli abituriyent prosesdən xaric edilib. Bu abituriyentlərin qəbul imtahanlarının ikinci cəhdinə buraxılıb-buraxılmaması müzakirələrə səbəb olub.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarında iştirak edən 16 abituriyent qaydaları pozduğuna görə imtahandan xaric olunub və onların nəticələri ləğv edilib.

I və IV ixtisas qrupları üzrə 4-5 iyun 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarında isə qaydaları pozan 9 abituriyentin nəticəsi ləğv edilib.


DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bildirib ki, qaydaları pozanlara qətiyyən ikinci şans verilməyəcək.
 


- "Bacarana baş qurban", "mən aldatdım" deyənlər "qəhrəman"a çevrilir. Onlar təxminən 10-15 nəfərdir. Elə bir şərait yaradırlar ki, kimdəsə inam ölür. Onlara ikinci şans verilməsini istəyənlər nə üçün minlərlə uşağı deyil, yalnız qayda-qanunu pozanları fikirləşir? Bu addımı bilə-bilə atıblar və onların artıq bu il müsabiqədə iştirak etmək hüquqları yoxdur. Qaydalarda belə qeyd edilib.

Məleykə Abbaszadənin açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri onu ədalətsizlikdə qınayıblar.

Məsələn, imtahandan xaric edilən bir abituriyent qız deyir ki, həyəcandan mobil telefonu cibində yaddan çıxararaq içəri keçib. Təəssüf ki, qapıda dayanan nəzarətçilər də onun üst-başını yaxşı yoxlamayıblar. İmtahanın gedişində telefon abituriyentin heç yadına da düşmür və o, cavab kartını doldurmaqla məşğul olur. Elə bu an qəfildən ona hansısa SMS gəlir. Bu zaman telefonun səsini eşidən zal nəzarətçisi akt tərtib edir və abituriyentin imtahandan kənarlaşdırlmasını gerçəkləşdirir.


Həmin abituriyent buraxılış imtahanında 250-dən yuxarı nəticə göstərdiyini, savadı və biliyinə güvəndiyini, üstündə aşkarlanan mobil telefonun sadəcə unutqanlığın nəticəsi olduğunu bildirsə də, onun yalvarışlarına məhəl qoyulmur.
 

Bəs burada hansısa komporomisə getmək barədə düşünmək olmazmı?
 

Bu barədə Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, imtahandan kimsə kənarlaşdırılıbsa, deməli, həmin şəxs müəyyən imtahan qaydalarını pozub. Yəni imtahana özləri ilə ya mobil telefon gətiriblər, ya ağıllı saatdan istifadə ediblər. Onun fikrincə, bu, bir növ köçürmə hallarına yol vermək kimi qiymətləndirilir.




"Nəticədə, onun imtahan nəticələri ləğv edilib. Ancaq, əlbəttə, mən onların ikinci imtahana buraxılmalarının tərəfdarıyam. Ona görə ki, biz hər hansı abituriyentin zəhmətini yerə vura, yaxud xəyallarını puça çıxara bilmərik. Çünki onların içərisində oğlan abituriyentlər var ki, çağırış vaxtları çatıb. Ola bilər ki, onlardan kimsə hərbi xidmətə getsin və qayıtdıqdan sonra bir daha təhsilə davam etmək fikirində olmasın. Buna görə də DİM tərəfindən komporomisə getmək daha məqsədəuyğun olardı".


Bununla yanaşı, ekspert deyib ki, belə abituriyentlərə güzəşt etməyin pis tərəfi də var:

"Onlara ikinci şansı vermək növbəti qəbul ilində sui-istifadə hallarının artması ilə nəticələnə bilər. Tutaq ki, bu il imtahandan çıxarılmış abituriyenti ikinci cəhddə imtahana buraxdıq. Növbəti il bu say artacaq. Çünki arxayınlıq yaranacaq ki, birinci imtahandan qovulsalar da, ikinci imtahanda prosesə buraxılacaqlar. Belə olan halda mənfi nəticələr olacaq. Buna görə də, DİM-in qərarına dəstək verirəm. Yaxşı olar ki, hər bir abituriyent öz bilik və bacarıqlarına güvənsin. Çünki ali və orta ixtisas təhsili, magistr təhsili konkret qarşıya məqsəd qoyulub əldə edilir. Burada əgər biz neqativ hərəkətlərə əl atacağıqsa, gələcəkdə abituriyent çalışdığı sahə üzrə, təbii ki, korrupsiya və rüşvətə, qanun pozuntulara meyl edəcək. Biz əgər sağlam vətəndaş cəmiyyətini formalaşdırmaq istəyiriksə, ilk növbədə bu cür məqamlara diqqət yetirməliyik. Bu nöqteyi-nəzərdən DİM-in qərarından razıyam".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu