Orta ixtisas təhsil müəssisələrində (kolleclər) təhsil alan oğlanların sayı qızlarla müqayisədə xeyli azdır. Buna səbəb kimi kolleclərə qəbul olan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməməsi göstərilir. Təklif olunur ki, kollecdə təhsil almaq istəyən oğlanlar ali məktəb tələbələri kimi təhsil müddəti başa çatanadək əsgərliyə aparılmasın.
Bəs, bu təklif real ola bilərmi? Gələcəkdə oğlanları kollec təhsilinə yönəltmək və təhsilin keyfiyyətini artırmaq üçün onlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi mümkündürmü?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev ölkəmizdə peşə təhsilinə maraq göstərənlərin sayının az olduğunu bildirib:
“Kollec təhsili Azərbaycanda dəyər və tutum kəsb etmir. Kolleci bitirən tələbələrin ali məktəblərə daxil olmalarına keçid həyata keçirilsə də, kollec təhsilinin keyfiyyətində ciddi dəyişiklik görmürük. Əsas məsələ kollec məzunlarının işlə təminatı ilə bağlıdır. Kollec məzunlarının işlə təminatı həddindən artıq çətin prosesdir. Əmək bazarında kollec məzunlarına çox az yer verilir. Kolleclərin universitetlərin nəzdinə verilməsi də kollec təhsilinin keyfiyyətini yaxşılaşdırmadı. Əksinə asılılığı artırdı. Sovet dövrünün texnikom modeli davam edir. Nə müəllim heyətinin keyfiyyətində, nə maddi-texniki bazada, nə də kollec təhsilinin qiymətləndirilməsi istiqamətində hər hansı addım atılıb. Ona görə də oğlanlar bu təhsilə üz tutmurlar. Bakı Neft-energetika, Maliyyə-iqtisad kollecləri var ki, bu kolleclər oğlanlar üçün maraq kəsb edə bilər. Lakin buranı bitirən məzunların işlə təminatında problem yarandığı üçün onlar bu tipli təhsil müəssisələrinə üz tutmurlar”.
E.Əliyev bildirib ki, çox az hallarda kollec təhsili universitet təhsilindən üstün sayılır:
“Həmin kolleclərin müəyyən tarixi var və ali məktəblərlə rəqabət apara bilirlər. Orada təhsil müddəti ali məktəblərdəki təhsil müddəti ilə eynidir. Təəssüflər olsun ki, təhsilin bu pilləsi SSRİ dağılanda sonra da öz inkişafını tapa bilmədi”.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, orta ixtisas təhsil müəssisələrində təhsil alan oğlanlara hərbi xidmətə görə möhlət verilməsi təklifi doğru deyil. O, fikirlərini belə əsaslandırıb:
“Azərbaycan Respublikasında 59 orta ixtisas təhsil müəssisəsi var. Hər il təhsil müəssisələrinə minimun 150 – 200 oğlan daxil olarsa, bu rəqəm ümumilikdə 10 min nəfəri ötür. Hər il 10 mindən artıq oğlana bakalavr və magistr pilləsində təhsil aldığı üçün möhlət hüququ verilir. Bununla yanaşı hər iki valideyni I qrup əlil olan, valideyninin birini itirib, digəri 1-ci qrup əlil olan, hər ikisi əlil olan və həmin şəxsin himayəsində olan, eyni zaman 3 övladı olan şəxslərə, ali təhsilin bakalavr və magistr pilləsinə hərbi xidmətdən möhlət hüququ verilir. Kollecdə təhsil alanlara möhlət hüququ verilməsi qanunla doğru deyil".
Ekspert xatırladıb ki, tələbənin təhsil müddəti üçün möhlət hüququnun verilməsinin təxirə salınması məsələsi yalnız on birinci sinifdən sonra kollecə daxil olan gənc sonuncu kursda yetkinlik yaşına (on səkkiz yaşına) çatdıqda müsbət həll edilə bilər.
Onun sözlərinə görə, təcrübədə yuxarıda göstərilən qayda tətbiq edilmir, çünki ümumi orta təhsil haqqında sənədin alındığı günə qədər gənc on səkkiz yaşına çatmış olur: “Beləliklə, müddəti üç ildən çox olan kollecdə təhsil müddəti nəzərə alınmaqla, vətəndaş iyirmi yaşında orta ixtisas təhsili haqqında diplom alır”.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi aşağıdakı hallarda mümkündür:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:
a) ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;
b) ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;
c) orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;
d) əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;
e) xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.