Modern.az

Müxalifətin Siyavuş Novruzova CAVABI: “Gah rədd edirlər, gah da təklif göndərirlər”

Müxalifətin Siyavuş Novruzova CAVABI: “Gah rədd edirlər, gah da təklif göndərirlər”

12 Mart 2013, 13:32

Partiyalar YAP-ın dialoq təklifini birmənalı baxmırlar

YAP icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında bildirib ki, müxalifət tərəfinə dialoq üçün bir neçə təklif verilib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da qeyd edib ki, bu il hakimiyyət müxalifətlə dialoq keçirəcək.

Modern.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, Xalq Cəhbəsinə belə bir təklif daxil olmayıb. Ümumiyyətlə bu addımı hakimiyyətin birpartiyalı sistem yaratmaq cəhdi kimi dəyərləndirən Fuad Qəhrəmanlı dialoqun reallaşmayacağı ehtimalını da dilə gətirib.

“Müxalifətin, o cümlədən AXCP-nin dialoqla bağlı müəyyənləşmiş mövqeyi var. Ölkədəki proseslərin qanun çərçivəsində, müzakirə və dialoq yolu ilə inkişafının keçirilməsinin tərəfdarıyıq. Çox təəssüf ki, hakimiyyətin radikal, bolşevik sayağı münasibəti üzündən bu dialoq mühiti gerçəkləşməyib. Bununla bağlı ötən illərdə İctimai Palata tərəfindən hakimiyyətə demokratik seçki haqqında “Yumşaq yol xəritəsi” adlı sənəd təklif olunmuşdu. İstəyirdik ki, müzakirə, dialoqlar başlansın. Ancaq hakimiyyət hər zaman olduğu kimi bu məsələyə münasibətdə də ironik davranış ortaya qoydu. Dialoqla bağlı təklifimizə rədd cavabı verdi. Bu iqtidarın uzun illər ərzində formalaşmış siyasi kursudur. Onlar müxalifətin siyasi sistemdə mövcudluğunu, tərəf kimi qəbul olunmasının əleyhinədirlər. Hakimiyyət təkpartiyalı sistemin yaradılması üçün qanuna zidd üsullarla müxalifətə qarşı davamlı təzyiqlər göstərirlər. Bu basqıların mahiyyətini gizlətmək üçün indi də dialoq məsələsini gündəmə gətirirlər. Siyavuş Novruzov isə düz danışmır. AXCP-yə dialoqla bağlı heç bir təklif gəlməyib və müraciət daxil olmayıb. Biz hər zaman dialoqa hazırıq. Amma bu yalnız iki tərəfin də iradəsi ilə baş tuta bilər. Birtərəfli istəklə heç nə alınmayacaq. Hakimiyyət siyasi proseslərə münasibətini dəyişərsə və müxalifətin tərəf kimi mövcudluğunu qəbul edərsə, bu zaman dialoq gerçəkləşə bilər”, – deyə AXCP funksioneri vurğulayıb.

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov hesab edir ki, bu müsbət haldır. “Hələlik bizə dialoqla bağlı təklif gəlməyib. Bütün məsələlərin dialoq yolu ilə həllinin tərəfdarıyam. Müraciət olunsa, görüşdə iştirak edəcəyik”.

ADP sədri Sərdar Cəlaloğlu da qeyd etdi ki, onlara heç bir müraciət daxil olmayıb. “Dialoq məsələsini isə müsbət dəyərləndirirəm. Demokratik cəmiyyətlərdə problemlərdə əsas prosedurlardan biri məhz dialoqdur. Təbii ki, siyasi dialoq başlayarsa cəmiyyətdə gərginlik müəyyən mənada yumşala bilər”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza