
Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsində bu qurumun yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlcə nazirin qarşılanma mərasimi olub, daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə general-polkovnik Ramil Usubova raport verib. DQ-nin bu illər ərzində keçdiyi şanlı döyüş və xidmət yolu barədə məruzə ilə çıxış edən general-leytenant Zakir Həsənov ölkə başçısının 1995-ci il martın 9-da imzaladığı fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları günün - martın 12-nin Daxili Qoşunlar günü elan olunduğunu məmnunluqla xatırlayıb. Z.Həsənovun sözlərinə görə, döyüş əməliyyatları aparılan müddətdə Daxili Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166-sı yaralanıb, 268 nəfər itkin düşüb, 9 əməkdaş «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb.
Ötən il Daxili Qoşunların ixtisaslı zabit kadrları ilə təmin olunmasının daha da yaxşılaşdırılması məqsədilə orta ixtisas hərbi məktəbinin bazasında Ali Hərbi Məktəb yaradılıb.
Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bayram münasibətilə şəxsi heyətə təbriklərini və xoş arzularını çatdırıb.
Daxili Qoşunlarla bağlı bir sıra məsələlərə toxunan Ramil Usubov eyni zamanda, ölkədəki dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin ayrı-ayrı ailələrin faciəsindən öz siyasi maraqları üçün istifadə etmələrini, həmin qüvvələrin təhriki ilə bir qrup gəncin "Facebook" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciət edərək onları qanunsuz aksiyaya qoşulmağa çağırmalarını cəmiyyətlə ordu arasında inamsızlıq, süni qarşıdurma yaratmağa yönəlmiş uğursuz cəhd kimi qiymətləndirib, bütün bunların Silahlı Qüvvələrə qarşı məlum dairələr tərəfindən aparılan çirkin təxribat olduğunı diqqətə çatdırıb. Şəxsi heyətin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən hər zaman layiqncə gəldiyini nəzərə çatdıran daxili işlər naziri ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, «Vətənin əsgəri» adını daim uca tutan hərbi qulluqçular bundan sonra da ictimai asayişin və daxili təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək, öz şanlı ənənələrini qoruyub saxlayacaq, inkişaf etdirəcək, döyüş hazırlığını daim artıracaq.
Azərbaycan Respublikası daxili işlər nazirinin müvafiq əmrləri elan olunduqdan sonra general-polkovnik Ramil Usubov xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar və mükafat qaydasında verilmiş rütbələrin paqonlarını təqdim edib. Təntənəli mərasimin sonunda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.
Modern.az