NİDA Vətəndaş Hərəkatının həbs olunan üzvü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Şahin Novruzlunun təhsil aldığı “Odlar Yurdu” Universitetindən Modern.az-a bildiriblər ki, həmin tələbənin universitetdən qovulacağı ilə bağlı heç nə deyə bilməzlər.
“Bu məsələyə dövlət qanunvericiliyi əsasında baxılacaq. Amma ümumilikdə dəqiq bir məlumat deyə bilmərik”.
Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Bəxtiyar Quliyevin təhsil aldığı peşə liseyi ilə bir neçə dəfə əlaqə saxlamağa çalılşsaq da, heç nə öyrənmək mümkün olmayıb.
Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Məmməd Əzizovla ilə bağlı isə bildirilib ki, hazırda məsələ araşdırılır. Bundan sonra əlavə məlumat veriləcək.
Qeyd edək ki, gənclər Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində saxlanılıb. Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulub.
NİDA vətəndaş hərəkatı isə ittihamları rədd edir və fəalların 10 mart aksiyasına görə həbs edildiyini bəyan edir.
Anar Kəlbiyev