II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının hər iki mərhələsinin cəminə görə ən yüksək nəticə göstərən abituriyentlərin adları açıqlanıb.
Bununla bağlı Dövlət İmtahan Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, ən yüksək nəticə Bakı şəhər Akademik Zərifə Əliyeva adına Liseyin məzunu Aydan Eyvazovaya məxsusdur. O, imtahanın ikinci mərhələsində 386.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 681.4 baldır.
III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Şamaxı şəhər 1 saylı orta məktəbin məzunu Nərmin Fərzaliyevaya aiddir. O, imtahanın ikinci mərhələsində 386.8 bal, birinci mərhələsində isə 279.8 bal toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 666.6 baldır.
Modern.az rekordçu abituriyentlərin təəssüratlarını öyrənib.
II ixtisas qrupu üzrə Aydan Eyvazova əməkdaşımızla söhbətində deyib ki, Bakı Ali Neft Məktəbinə sənədlərini verməyi düşünür:
“Düşünürəm ki, yaxşı nəticə göstərmək üçün daim məsuliyyətlə və inamla hazırlaşmaq lazımdır. Bütün fənlərdən kursa gedirdim. İlk mərhələdə yaxşı nəticə göstərəndə Bakı Ali Neft Məktəbindən təklif aldım. Biznesin idarə edilməsi ixtisasi üzrə ali təhsil ala biləcəyimi qeyd etdilər. Çox güman ki, seçimim də bu ixtisasdan və ali məktəbdən yana olacaq”.
III qrup üzrə respublika birincisi olan Nərmin Fərzəliyeva isə belə bir rekordu gözləmədiyini deyib:
“Bu balı toplayacağımı düşünürdüm, amma ölkə birincisi olacağım ağlıma gəlməzdi. Mən Şamaxıda oxuyub, ali məktəbə də burda hazırlaşırdım. Bir qədər çətinlik çəksəm də, məsuliyyətlə oxumağa, planla hazırlaşıb, əvvəldən yaxşı bal toplamağa çalışırdım. Sənədlərimi Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə vermək istəyərdim”.