Milli Məclisin iclasında çıxış edən millət vəkili Jalə Əliyeva Ucar rayonu Bərgüşad kəndinin həm qaz, həm də bankomat problemindən söz açıb. Modern.az xəbər verir ki, deputat həmçinin aztəminatlı ailələr üçün güzəştli evlərin tikilməsinə ehtiyac olduğunu bildirib.
Daha sonra deputat İlyas İsmayılov çıxış edək bildirib ki, aqrar sektorda korrupsiyaya qarşı mübarizə demək olar aparılmır.
Nazirlər qarşısında iradlarını bildirən deputat İlyas İsmayılovun sözlərinə görə, kəndlilər məhsullarını bazara çıxara bilmirlər:
“Kəndlilər məhsullarını bazara çıxara bilmirlər, məcbur olub ucuz qiymətə satırlar, ya da alverçilərə verirlər. Bu da 40-50 faiz bahalaşmaya səbəb olur. Kəndli öz məhsulunun normal qiymətə sata bilmirsə, onda həmin sektora marağı itir, gedib tikintidə işləyir. Məncə, inhisarçılıqla bağlı islahatlar aqrar sahəni də əhatə etməlidir. Bazar dəllalları tərəfindən süni qiymət artımının qarşısı alınmalıdır. Fermerin məhsulu tarladan çıxarıb evlərə getməsinə kimi bütün prosesə ciddi nəzarət olunmamalıdır”.
Parlamentin iclasında Leyla Abdullayeva Sumqayıt 15-ci məhəllədəki 7 saylı yataqxanan pis durumda olmasından danışıb:
“Yataqxana sakinləri illərdir qəzalı vəziyyətdə olan binadan danışırlar, binanın başlarına uçacağından qorxurlar. Bina dəhşətli dərəcədə əyilib və aşmaq ehtimal var. Hansısa faciə olsa, böyük itkilər olacaq. Bina həm də şəhərin gözəlliyinə xələl gətirir. Bildiyim qədər, layihənin smeta sənədləri hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. 2013-cü ilin investisiya proqramına salınması ehtimalı var. Amma yekun qərar hələ verilməyib”.
Deputat Nazirlər Kabinetini bu məsələnin həllini tezləşdirməyə çağırıb.
Millət vəkili Əli Məsimli də çıxışında seçicilərinin problemlərini dilə gətirib. Deputat seçildiyi Şəki rayonunda 63 kəndin yalnız 17-nin qazlaşdırıldığını baş nazirin və nazirlərin diqqətinə çatdırıb.
Onun fikrincə, Azərbaycanın 80 faizinin qazlaşdırılması fonunda bu, çox aşağı rəqəmdir:
“Göstərilib ki, 2013-cü ildə Şəkinin 50 kəndi qazlaşdırılacaq. Amma bu ilin 9 ayı qalıb, məncə, 10-15 kəndin qazlaşdırılması realdır”.
Əli Məsimli indiki həssas dövrdə gənclərin sosial problemlərinə daha çox diqqət ayrılmasının vacib olduğunu hesab edir:
“Gənclər üçün dövlət proqramında nəzərdə tutulan bəndlər qrafikə uyğun surətdə yerinə yetirilməlidir. Mənzil problemini həll etmək üçün gənclər üçün elə binalar tikmək olar ki, gənc ailələr orada kirayədə olduğu kimi ayda 100-120 manat ödəməklə yaşaya bilsinlər”.
Asəf Hacıyev elmə ayrılan vəsaitin az olduğundan şikayətlənib. Onun sözlərinə görə, dövlət büdcəsinin 0,7 faizi elmə ayrılıb: “Halbuki, 2012-i ildə bu rəqəm 1,2 faiz idi. Bu vəsaitlə elmi stimullaşdırmaq çətindir. Qonşu Rusiyada elmi işçilər üçün 5 illik proqram həyata keçirildi. Və proqram çərçivəsində elmi işçilərin maaşı 1000 ABŞ dollarına bərabər olmuşdu. Azərbaycanda da elmi işçilərə ayrılan vəsaiti artırmaq, bu məsələyə aydınlıq gətirilməlidir”.
Modern.az