Modern.az

Deputatlar Artur Rasizadənin hesabatını qəbul etdilər

Deputatlar Artur Rasizadənin hesabatını qəbul etdilər

15 Mart 2013, 18:04


Martın 15-də Milli Məclisdə Nazirlər Kabinetinin 2012-ci ildə gördüyü işlərlə bağlı hesabatı dinlənilib. Modern.az-ın məlumatına görə, hökumətin hesabatını Baş nazir Artur Rasizadə təqdim edib.
Baş nazir əvvəlcə ümumi iqtisadi göstəriciləri səsləndirib. Onun sözlərinə görə, ötən il ÜDM-in istehsalı 2,2 faiz artıb. Qeyri-neft sektorunda artım 9,7 faiz civarında olub. İqtisadiyyata bütün mənbələrdən investisiyanın həcmi 25,8 milyard ABŞ dollarına çatıb. Bu sərmayələrin 75 faizi qeyri-neft sektorunun payına düşür. Strateji valyuta ehtiyatları 46 milyard dollara qədər artıb. İcmal büdcə 27,1 milyard manat təşkil edib, dövlət büdcəsinin gəlirləri artıqlaması ilə icra olunub. Bank sisteminin maliyyə dayanıqlığı təmin edilib, kredit borcları 27,8 faiz azalıb.

Artur Rasizadə ötən il sovet dövründən qalan əmanətlərin qaytarılması məqsədilə büdcədən 550 milyon manat vəsait ödənildiyini, bu prosesin cari ildə başa çatdırılacağını bildirib. İqtisadiyyat sahəsində aparılan islahatlar nəticəsində orta aylıq əmək haqqı 8,7 faiz artıb, pensiyaların orta məbləği 152 manata çatdırılıb. Məcburi köçkünlərin sosial problemlərinin həlinə  2011-ci ilə nisbətən 2,2 dəfə artıq maliyyə xərclənib. 23 minədək məcburi köçkün yeni mənzillə təmin edilib. Ümumilikdə, köçkünlərin sosial problemlərinin həllinə 600 milyon manatdan artıq vəsait sərf edilib. Və nəhayət, ölkədə yoxsulluğun səviyyəsi 2012-ci ilin sonu üçün 6 faizə enib.

A.Rasizadə onu da bildirib ki, ötən ilin mayında Zaqatala-Balakən zonasındakı zəlzələ nəticəsində dəyən ziyanı aradan qaldırmaq üçün hökumət tərəfindən bir sıra işlər görülüb, 2974 ev, 19 məktəb, digər obyektlər tikilib istifadəyə verilib. 3 mindən çox ailəyə evlərin bərpası üçün maliyyə yardımı edilib. Dövlətin hərbi qüdrətinin artırılmasına, Azərbaycan ordusunun müasir silahla təminatına da kifayət qədər vəsait xərclənib. Ordunun təminatı həm xaricdən alınan, həm də daxildə istehsal silah hesabına xeyli yaxşılaşdırılıb. Baş nazir bildirdi ki, 2003-2012-ci illərdə 1 milyondan çox iş yeri açılıb.

Hesabatın qısa təqdimatı başa çatandan sonra deputatlar hökumətin fəaliyyətinə fikirlərini bildiriblər.

Musa Qasımlı, Qüdrət Həsənquliyev, Fuad Muradov, Tahir Rzayev, Mübariz Qurbanlı, Zahid Oruc, İqbal Ağazadə, Fazil Mustafa, Əli Əhmədov, Siyavuş Novruzov, Qənirə Paşayeva, Arif Rəhimzadə, Eldar Quliyev, Əli Məsimli, Asəf Hacıyev, Jalə Əliyeva, Leyla Abdullayeva, Musa Quliyev, Eldar İbrahimov və digər millət vəkilləri müxtəlif təklif və iradlar səsləndiriblər.

Ümumilikdə 35 deputatın çıxış etdiyi iclasın sonunda hökumətin hesabatı yekdilliklə - 104 lehinə, 2 əleyhinə və 1 bitərəf olmaqla qəbul edilib. 

Hesabat qəbul edildikdən sonra spiker Oqtay Əsədov müsbət nəticələrə görə hökumətə təşəkkür edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu