Modern.az

Nazir şikayətçiləri qəbul edib - FOTOLAR

Nazir şikayətçiləri qəbul edib - FOTOLAR

16 Mart 2013, 22:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması barədə dövlət orqanları qarşısında müəyyən etdiyi vəzifəyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, 16 mart 2013-cü il tarixdə nazirlikdə nazir Fizuli Ələkbərov tərəfindən bir qrup vətəndaş qəbul olunaraq, onların özlərinin iştirakı ilə müraciətləri obyektiv və ədalətli şəkildə araşdırılıb. Müraciətlərin araşdırılmasında vətəndaş cəmiyyətlərinin nümayəndələri də iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, vətəndaşların müraciətləri araşdırılarkən ayrı-ayrı vətəndaşların ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunması, əmək hüquqlarının bərpası, məşğulluğun təminatı və s. məsələlərlə bağlı qanunvericilik barədə məlumatsız olduqları müəyyən edilib və onlara hüquqi izahatlar verilib. Həmçinin, ayrı-ayrı vətəndaşlar zəruri sənədləri toplayaraq təqdim edə bilmədiklərinə görə onlara ünvanlı yardım, yaxud əlillik təyinatının aparılmasının mümkün olmadığı, bu səbəbdən onların şikayət xarakterli müraciətlər etdiyi məlum olub.

Bununla yanaşı, müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi, belə halların, eyni zamanda bəzən vətəndaşa lazımı şəkildə izahat verilməməsinin vətəndaşların müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər etməsinə şərait yaratdığı müəyyən edilib. Nazir Fizuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin davam etdirilməsi, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli, özündən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan və dövlətin yardımına həqiqətən ehtiyacı olan, lakin bunun üçün zəruri sənədləri toplamaqda çətinlik çəkən vətəndaşlara bu sahədə mümkün köməkliklərin göstərilməsi və s. barədə müvafiq strukturlara tapşırıqlar verib.

Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, «Özünədəstək»proqramına, eləcə də cari ildə işə salınacaq sosial kreditləşmə proqramına cəlb edilmələri qərara alınıb. Qeyd edək ki, 2012-ci il və cari ilin yanvar-fevral ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 19 dəfə vətəndaş qəbulu həyata keçirilib, 600 nəfərə yaxın vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb. Həyata keçirilən belə tədbirlər nazirliyin fəaliyyət dairəsinə aid sahələrlə bağlı şikayət xarakterli müraciətlərin sayının azalması ilə nəticələnir.







Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu