Azərbaycan Qaçqınlar Cəmiyyəti bəyanatla çıxış edib. Cəmiyyətdən Modern.az-a daxil olan bəyanatda bildirilib ki, son 25 ilin təcrübəsindən görünür ki, hər dəfə Azərbaycanda seçkilər, xüsusilə də prezident seçkiləri yaxınlaşdıqca Qərbi Azərbaycanlılar amili gündəmə gəlir.
“İllərlə yada salınmayan, problemlərinə göz yumulan, qaçqınlıq statusu, sosial güzəştləri ləğv edilən və ən əsası da tarixi vətənlərinə qayıtmaq uğrunda mübarizə aparmaq hüququ belə, de fakto əllərindən alınan qaçqınlar, deportasiya qurbanları məhz bu anda yada düşür.
Son zamanlar biz yenidən həmin prosesin şahidi oluruq. Azərbaycanda prezident seçkilərinə aparan yol qısaldıqca həm hakimiyyət, həm də müxalifət düşərgəsində Qərbi Azərbaycan qaçqınlarına “canı yananların” sayı çoxalır. Biz bu tendensiyanı qətiyyətlə pisləyir, Vətən, Torpaq, Yurd itirmiş insanların hissləri ilə belə oynamağı yolverilməz hesab edirik”.
Azərbaycan Qaçqınlar Cəmiyyəti daha sonra bəyan edib ki, qarşıdakı seçki ilə bağlı kimi dəstəkləyəcəyini hələ müəyyənləşdirməyib:
“Son illərdə hakimiyyət strukturları tərəfindən qaçqınların hüquqlarının addımbaşı pozulmasını, müxalifət tərəfindən isə bunun hər zaman görməməzliyə vurulmasını görməyəcək qədər kor, yaddan çıxaracaq qədər yaddaşsız, buna əhəmiyyət verməyəcək qədər müti deyilik. Bu gün sayı 500 min nəfərə yaxınlaşan bütün Qərbi Azərbaycan qaçqınlarını təmsil edən yeganə rəsmi təşkilat – Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq bəyan edirik ki, hansı düşərgədən olmağına baxmayaraq, qaçqınların səsini almağa mənəvi hüququ olmayan heç bir namizəd bu səsi almayacaq və Azərbaycan Qaçqınlar Cəmiyyəti bütün qaçqınlara müraciət edərək onları belə namizədləri dəstəkləməməyə çağıracaq. Seçkilərdə iştirak edib-etməmək və ya hər hansı namizədi dəstəkləyib-dəstəkləməmək qərarını isə vaxtı çatanda Azərbaycan Qaçqınlar Cəmiyyətinin ali orqanı verəcək. Bütün qaçqınları tariximizin bu vacib dönəmində bir olmağa, vahid qüvvə kimi birləşməyə və məlum seçki ilə bağlı Cəmiyyətin qərarını gözləməyə çağırırıq”-deyə Azərbaycan Qaçqınlar Cəmiyyəti sədrinin 1-ci müavini Əziz Ələkbərlinin adından yayılan bəyanatda vurğulanıb.
Modern.az