"Məktəbəqədər təhsildə seçim kriteriyaları gələn il təkmilləşəcək".
Bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə Modern.az-ın əməkdaşının sualını cavablandırarkən deyib.
Nazir elektron qeydiyyat sistemi vasitəsilə bağçalara qəbul edilməsi mümkün olmayan uşaqların aqibətinə aydınlıq gətirib:
“Bu gün bağça dediyimiz model var. Dünyada bağçadan fərqli bir çox model mövcuddur. Azərbaycanda son illərdə tətbiq edilmiş ənənəvi bağça modelindən başqa iki model də tətbiq edilir. Bunlardan biri daha geniş tətbiq olunur. Bu məktəblərdə tətbiq edilən məktəbə hazırlıq sinifləridir. Artıq burada 85%-ə çatmışıq. 2015-ci ildə bu rəqəm 45% idi. Bu istiqamətdə 100%-ə çatmaq istəyirik".
Emin Əmrullayev qeyd edib ki, 5 yaşlılar məktəbə hazırlıq qruplarına cəlb edilibsə, növbəti illərdə daha aşağı yaşlılar da cəlb edilə bilər:
"Çalışırıq, 4 yaşlıları, sonra isə 3 yaşlıları da cəlb edək. Daha sonra üzü aşağı gedilə bilər. Bunun üçün ikinci model tətbiq edirik. Bu icma əsaslı məktəbəqədər təhsildir ki, 16 min uşağımız buna cəlb olunub. Bu yeni iş yerləri deməkdir və uşaqların daha yaxşı təhsili deməkdir”.