Modern.az

“Azəri-Talış” İB: “Bizə deyirlər ki, təşkilatın adından “talış” sözünü çıxarın qeydiyyata alaq”

“Azəri-Talış” İB: “Bizə deyirlər ki, təşkilatın adından “talış” sözünü çıxarın qeydiyyata alaq”

18 Mart 2013, 14:31
Modern.az xəbər verir ki, “Azəri-Talış” İctimai Birliyi Novruz bayramı ilə əlaqədar olaraq geniş bayram tədbiri keçirib. Rəsmi və qeyri-rəsmi hissələrdən ibarət olan tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, ziyalıları, media nümayəndələri iştirak edib.

Tədbirdə iştirak edən Ziyalılar Forumunun üzvü, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev iştirakçıları Novruz bayramı münasibəti ilə təbrik edib, onlara xoş arzularını dilə gətirib. Talış xalqının Azərbaycan dövlətinin demokratik inkişafında daha yaxından iştirak etmək niyyətində olduğunu bildirən E.Quliyev bu arzunun Azərbaycan dövlətinin milli maraqlarına da tam cavab verdiyini bildirib. Lakin E.Quliyevin sözlərinə görə, “Azəri-Talış” İctimai Birliyi qeydiyyatdan keçmək üçün dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etsə də, hər dəfə rədd cavabı alıb:

“Bu günə qədər bir neçə dəfə Ədliyyə Nazirliyinə qeydiyyatdan keçmək üçün müraciət etmişik. Lakin hər dəfə gülünc bəhanələrlə qeydiyyata almaq istəmirlər. Nazirlikdən bizə bildiriblər ki, təşkilatın adından “talış” sözünü çıxarın qeydiyyata alaq”.

“Azəri-Talış” İctimai Birliyinin sədri Mehdibəy Səfərov da öz çıxışında rəhbəri olduğu qurumun talış xalqının saf, səmimi arzularını ifadə etdiyini qeyd etdi: “Azərbaycanlılar bizim qardaşlarımızdır və biz öz qardaşlarımızı, öz ölkəmizi sevirik. Azərbaycanın uğuru hər bir azərbaycanlı kimi hər bir talışın da uğurudur və biz bu uğurlardan qürur hissi duyuruq. Lakin təəssüflər olsun ki, bəzi qüvvələr bizim təşkilatla bağlı qərəzli informasiyalar yayır ki, bu da bəzi hallarda ictimai rəydə müəyyən çaşqınlığa yol açır. Hesab edirik ki, Azərbaycan rəsmiləri talış xalqının doğma Azərbaycana olan münasibətini gözardı etməməli, bizə onlara bəslədiyimiz münasibətə adekvat münasibət ortaya qoymalıdır. Başqa cür münasibət hər şeydən öncə vətənimiz Azərbaycanın maraqlarına uyğun deyil və bu, talış xalqı tərəfindən də məyusluqla qarşılanar”.

Daha sonra çıxış edən “EL” hərəkatının sədri Eldar Namazov rəhbərlik etdiyi hərəkatın məqsəd və vəzifələrindən bəhs edib. E.Namazovun sözlərinə görə, “EL” hərəkatının vətən və millət üçün həqiqətən də faydalı bir qüvvə olduğu yaxın gələcəkdə öz əməli təsdiqini tapacaq.

E.Namazovdan sonra söz alan tarixçi-publisist Firuz Həşimov ölkədəki mövcud durumu diqqət çəkib, xalqın və dövlətin sərvətinin illər uzunudur ki, bəzi harınlamış məmurlar tərəfindən talandığını bildirib. Tədbirdə iştirak edən digər qonaqlar da “EL” hərəkatı və “Azəri-Talış” İctimai Birliyinə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.






Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular