“Daş yuxular” romanına görə Əkrəm Əylislinin təqib olunmasını əsas gətirərək Rusiya PEN-Mərkəzi Azərbaycanda keçiriləcək Kitab Forumunda iştirakdan rəsmən imtina edib. Azərbaycan PEN-Klubunun prezidenti, xalq yazıçısı Çingiz Abdullayev məsələyə münasibət bildirib. Xalq yazıçısı Modern.az-a bildirib ki, “Rusiya PEN-Mərkəzinin Azərbaycanda keçiriləcək Kitab Forumunda iştirakdan rəsmən imtina etməsi barədə məlumatını Rusiya PEN-Mərkəzinin məsul katibi verib. Odur ki, bu barədə Mərkəzin prezidenti ilə danışandan sonra məlumat və şərh verəcəyəm”.
Qeyd edək ki, Rusiya PEN-Mərkəzi Azərbaycanda keçiriləcək Kitab Forumunda iştirakdan rəsmən imtina edib. Təşkilatın İcraiyyə Komitəsi bu haqda rəsmi bəyanatla çıxış edib. Rəsmi bəyanatda bildirilir ki, Rusiya PEN-Mərkəzi bu il mayın 3-5-i aralığında Bakıda keçiriləcək Beynəlxalq Kitab Forumu və Ədəbi Festivalda iştirakı rədd etməyə məcburdur. Sənəddə imtinanın səbəbi kimi “Daş yuxular” romanına görə Əkrəm Əylislinin təqib olunmasıdır.
“Onun adı böhtan və şər atmosferi ilə əhatə olunub”, – deyə bəyanatda qeyd olunur. Sənədin sonunda Rusiya PEN-Mərkəzi bir daha Ə. Əylisliyə qarşı təqiblərin dayandırılmasını tələb edib.
Kitab Forumuna gəlincə, o, Böyük Britaniyanın “İpək Yolu Mediası” (Silk Road Media) şirkəti və “Hertfordshire Press” nəşriyyat evi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı və Gəncədə keçiriləcək. Tədbir Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunub. Beynəlxalq forum və festivalın açılışında Qırğıstanın keçmiş prezidenti Roza Otunbayeva, Baronessa Syuzan Qrinfild və digər fəxri qonaqlar iştirak edəcəklər.
Tədbirə Azərbaycanda və Orta Asiyada nəşriyyat işinin gələcək inkişafına kömək etmək məqsədilə yerli, bölgə və beynəlxalq müəlliflər, nəşriyyatlar, dövlət idarələri, təşkilatlar, təhsil müəssisələri, pərakəndə satış müəssisələri və oxucular qatılacaqlar. Festival çərçivəsində bədii tərcümələr, şeir mövzusunda ustad dərsləri keçiriləcək, həmçinin nəşriyyatla bağlı qarşılıqlı diskussiyalar aparılacaq.
Beynəlxalq müsabiqədə mükafat kimi qalibə Böyük Britaniyada kitabını pulsuz çap etdirmək imkanı veriləcək və o, “London kitab sərgisi-2014”də iştirak etmək şansı qazanacaq.
Gültəkin Ələsgər