Modern.az

DİM Elm və Təhsil Nazirliyinə verilə BİLƏR? 

DİM Elm və Təhsil Nazirliyinə verilə BİLƏR? 

Təhsil

1 Avqust 2022, 16:24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəsissələrinin Elm və Təhsil Nazirliyinə birləşdirilməsindən sonra Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətilə bağlı yeni təkliflər ortaya atılıb.

 

Sosial şəbəkələrdə gedən müzakirələrdə elm və təhsilin vahid idarəetməyə verilməsinin müsbət məqam olduğunu bildirilərək, bu mənada DİM-in də nazirliyin tabeliyinə verilməsinə dair fikirlər səsləndirilib. Bəzi ekspertlər hesab edirlər ki, eyni missiyanı daşıyan qurumların birləşdilməsi effektivlik baxımından labüddür. 

 

Bəs, Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyinə birləşdirilməsi mümkündürmü? 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü Etibar Əliyev deyib ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs kimi yarandığı vaxtdan özünü doğruldan qurumdur:

 

“Qurumların bir mərkəzdə birləşməsi səmərəliliyi artıra, maliyyə xərclərini nisbətən azalda bilər, nəticəyönümlü xərclənməsinə imkan yarada bilər.  DİM özündə təkcə tələbə qəbulunu ehtiva etmir, həm də dövlət qulluğuna, prokurorluq orqanlarına qəbulu, hakimlərin və vəkillərin qəbulunu həyata keçirir. Bu qurumda da islahatlara ehtiyac var. DİM tələbə qəbulunun şəffaf keçirilməsinə nail olsa da, islahatlar ləng gedir.  Hələlik DİM-in hansısa quruma birləşdirilməsi müəyyən problemlər yarada bilər. Ola bilsin, kadr islahatlarına ehtiyac var, amma indiki vəziyyətdə DİM-in Elm və Təhsil Nazirliyinə birləşdirilməsi problem yaradacaq. Dövlət İmtahan Mərkəzinin özündə ciddi isahatlara ehtiyac var”.

 

 

Təhsil eksperti Kamran Əsədov isə vurğulayıb ki, DİM-in nazirliyə birləşdirilməsi təklifi bundan öncə də gündəmə gətirilib:

 

“DİM-in keçirdiyi imtahanlar şəffafdır. Nazirliyin keçirdiyi imtahanlarda ciddi şəkildə problemlər yaşanır. Şəffaflıq təmin edilə bilmir, test tapşırıqlarında obyektivlik gözlənilmir. Dövlət İmtahan Mərkəzi 30 ildir ki, keçirdiyi imtahanlarda keyfiyyəti yüksək səviyyədə təmin edir. Bu, onu deməyə əsas verir ki, DİM-in hansısa quruma verilməsinə ehtiyac yoxdur. Oturuşmuş sistemin imtahan keçirmə təcrübəsi olmayan nazirliyə verilməsi ölkədə ciddi xaotik vəziyyət yarada bilər. Məncə, DİM-in nazirliyə verilməsi gözlənilmir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi