“Dünya Çempionatı-2014”ün seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan - Portuqaliya oyunu ilə bağlı bu gün təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və baş məşqçinin köməkçisi Olaf Yansen fikirlərini bildirib:
Berti Foqts: "Hazırlıqdan razı qalmışam. Hamımız bilirik ki, bizi sabah dünyanın ən güclü yığmalarından biri ilə qarşılaşma gözləyir. Ronaldo və Naninin oynamaması işimizi asanlaşdırmır, əksinə, çətinləşdirir. Çünki onların yoxluğunda Portuqaliya millisinin bütün futbolçuları özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaq.
İndiyə qədər keçirdiyimiz oyunlarda bəxtsizlikdən və müəyyən səhvlər ucbatından xallar itirməsəydik, hazırda aktivimizdəki xalların sayı çox olardı.
Ümid edirəm ki, sabah Portuqaliya yığması ilə oyunda sürpriz edə biləcəyik. Oyuna yaxşı nəticə qazanmaq üçün çıxacağıq. Qalib gəlmək istəyirik və bunun üçün çalışırıq".
Olaf Yansen: “Martın 22-də izlədiyim oyunda İsrail yığması Portuqaliya millisinə qarşı müdafiəni düzgün qumuşdu. Müdafiədə nizamlı oynadı. 2-ci dəqiqədə qol buraxsa da, hələ ilk hissədə heç nədən 2 qol vurdu. Bundan sonra oyunun gedişi İsrail yığmasının xeyrinə idi. Daha çox müdafiədən oynayıb, ikinci hissədə hesabı 3:1 etdi. Ancaq Portuqaliya millisinin bundan sonra 2 qol vurub hesabı bərabərləşdirməsi onun gücündən xəbər verir. Məncə, bizim sabah nəyin hesabına sürpriz edəcəyimizi indi açıqlamaq ağılsızlıq olardı. Onu deyə bilərəm ki, sabah hamını maraqlı oyun gözləyir. Mübariz, istəkli oynayacağıq”.
***
Modern.az