Gürcüstan parlamentinin qəbul etdiyi prezidentin səlahiyyətlərini məhdudlaşdıran Konstitusiya düzəlişi beynəlxalq konstitusiya normalarına uyğundur və respublikada demokratiyanı daha da gücləndirəcək. APA-nın “Vesti”yə istinadən verdiyi xəbərə görə, bu barədə martın 25-də ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Patrik Venrell.
Birləşmiş Ştatlar Gürcüstan rəhbərliyini, parlament çoxluğunu və azlığını bu qanunverici tədbirin qəbul olunması münasibəti ilə təbrik edir. Bu gürcü demokratiyasının möhkəmlənməsinə yol açır”, deyə “İTAR-TASS” diplomatın bəyanatından sitat gətirib.
Xatırladaq ki, qeyd olunan düzəliş martın 25-də Kutaisidə parlamentin növbədənkənar plenar iclasında üçüncü oxunuşda yekdilliklə qəbul olunub. Deputatlar birinci və ikinci oxunuşda da yekdillik nümayiş etdirib. Bu parlament çoxluğu (“Gürcü arzusu” koalisiyası) və azlıq (prezident Saakaşvilinin tərəfdarları) arasında əldə olunmuş müəyyən kompromis nəticəsində mümkün olub.
Qeyd edək ki, düzəlişlərə əsasən, hökumətin buraxıldığı və ya istefaya getdiyi halda yeni kabinet formalaşanadək səlahiyyətlərin icra olunması vəzifəsi elə həmin hökumətin üzərində qalır. Prezident yeni kabineti təqdim edir, parlament isə ona etimadını bildirir. Parlament prezidentin təqdim etdiyi yeni kabinetə üç dəfə etimad bildirmədiyi təqdirdə, dövlət başçısı hökumətin yeni tərkibini təkbaşına təqdim etmək hüququndan məhrum olunur, lakin parlamenti buraxıb növbədənkənar seçkilər təyin etmək hüququnu üzərində saxlayır. Bu halda yeni seçilmiş parlament hökumətin yenilənmiş tərkibinə etimad bildirənədək istefaya getmiş və ya göndərilmiş hökumət vəzifələrini icra etməyə davam edir.
Hazırki Konstitusiyaya əsasən, prezident hökumətin buraxıldığı və ya istefaya getdiyi halda, parlamentin iradəsindən asılı olmayaraq, qeyri müəyyən müddətə yeni hökuməti təyin etməyə müstəsna hüququ var.
Modern.az