Park Cinema kinoteatrı, Promix şirkəti və Azərbaycan Səhiyyə Kommunikasıyası Assosasiyasının təşəbbüsü ilə 24 mart Beynəlxalq Vərəmlə Mübarizə Günü ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə “Özünü və yaxınlarını qoru!” devizi altında aksiya həyata keçirilib. Aksiya çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Park Cinema kinoteatrında seanslardan əvvəl Azərbaycan Səhiyyə Kommunikasıyası Assosasiyasının həyata keçirdiyi “Azərbaycanda vərəmin səmərəli profilaktikası və müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması” layihəsi çərçivəsində vərəmə qarşı mübarizə mövzusunda hazırlanmış maarifləndirici video-çarxlar nümayiş etdirilib. 23-26 mart tarixlərində 84 seans zamanı nümayiş olunan video-çarxları 5000-ə qədər tamaşaçı izləyib.
Park Cinema kinoteatrı və Azərbaycan Səhiyyə Kommunikasıyası Assosasiyasının birgə təşkilatçılığı ilə baş tutan aksiyanın məqsədi əhalinin xüsusən də, gənclərin vərəmə qarşı mübarizə mövzusunda maariflənməsinə yardım göstərilməsidir. Video-çarxlarda vərəmin əlamətləri, müalicəsi ilə bağlı mesajlar verilir. Xüsusən vurğulanır ki, vərəm vaxtında aşakar edildikdə və düzgün müalicə aparıldıqda tam sağalır.
Qeyd edək ki, video-çarxlar Total E&P Azərbaycan B.V. şirkəti və Vərəm Əleyhinə Milli Proqramla əməkdaşlıqda hazırlanmışdır.
Xatırladaq ki, vərəmlə mübarizə gününün tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. 1982-ci ildən hər il 24 mart bütün dünyada Beynəlxalq Vərəmlə Mübarizə Günü kimi qeyd olunur.
Modern.az