Çox təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində özlərini təhsil eksperti kimi təqdim edənlərə istinadən ali təhsil müəssisələrinə qəbul planı, dövlət sifarişli yerlərin sayı ilə bağlı dərc olunan məlumatlarda DİM tərəfindən çaşqınlıq yaradılması, yerlərin dəqiq sayının göstərilməməsi ilə bağlı iddialar səsləndirilib. Məlumat üçün qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar üzrə plan yerləri hər tədris ili üçün aidiyyəti qurumların təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur və “Abituriyent” 4 jurnalında dərc olunur. Həmin jurnalda, həmçinin hər bir ixtisas üçün Azərbaycan və rus bölmələri ilə bütövlükdə dövlət büdcəsi hesabına təhsil almaq üçün nəzərdə tutulmuş yerlərin sayı göstərilir (bax “Abituriyent” 4, səh., 31, 2022). Bundan əlavə, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçalarında hər ixtisas qrupu üzrə ayrıca qəbul planının ümumi sayı və dövlət sifarişli yerlərin sayı göstərilir.
Bunu Modern.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.
İttihamlara cavab verən DİM rəsmisinin sözlərinə görə, dövlət sifarişli yerlərin sayı ixtisaslar üzrə ayrılır:
"Nazirlər Kabinetinin 2010-cu ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi” Qaydalarına əsasən, dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir və mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər. Bu o deməkdir ki, dövlət sifarişli yerlərin sayı konkret ali təhsil müəssisələri üzrə deyil, ümumilikdə ixtisaslar üzrə ayrılır".
X.Xanlarzadənin fikrincə, artıq 12 ildir tətbiq olunan mövcud qaydaların üstünlüyü ondan ibarətdir ki, qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxslər dövlət və ya özəl olmasından asılı olmayaraq, dövlət sifarişində iştirak edən ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər:
"Bu qaydanı adi bir misalla izah edək. Bu il “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə dövlət sifarişli yerlərin sayı 100-dür və burada 4 ali təhsil müəssisəsində (BDU, ADİA,NDU və Azərbaycan Universiteti) dövlət sifarişi əsasında qəbul olmaq imkanı var. Tutaq ki, 100 ən yüksək bal toplayanlardan biri Naxçıvanda yaşayır və orada oxumaq istəyir. Həmin şəxs Naxçıvan Dövlət Universitetini yaza və orada pulsuz oxuya bilər. Eyni qayda ilə abituriyent topladığı bala və şəxsi seçiminə əsasən özəl ali təhsil müəssisəsi Azərbaycan Universitetini seçib orada dövlət sifarişi əsasında oxuya bilər. Dövlət sifarişli yerlərin sayı ixtisas üzrə ayrıldığı üçün onların universitetlər üzrə konkret paylanma sayı əvvəlcədən məlum olmur və yalnız müsabiqənin nəticəsində abituriyentlərin topladığı bal və seçimlərinə əsasən müəyyənləşir".