Modern.az

Etimad İsmayılovdan ASDP rəhbərlərinin qalmaqalına reaksiya

Etimad İsmayılovdan ASDP rəhbərlərinin qalmaqalına reaksiya

30 Mart 2013, 17:09

“Bu iki işıqlı insan – Zərdüşt Əlizadə və Arzu Abdullayeva haqqında deyilənlər  sadəcə böhtan və naqislikdir”

Yəqin diqqətli oxucuların yadındadır. Tanınmış hüquq müdafiəçisi, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) qurucularından olan Arzu Abdulayeva Modern.az-a açıqlamasında partiyanın hazırkı sədri Araz Əlizadəni sərt tənqid etmişdi. Onun sözlərinə görə, Araz Əlizadənin rəhbərliyindən sonra ASDP siyasi müstəvidə fəaliyyətsiz və lüzumsuz bir partiyaya çevrilib.

Arzu Abdullayevanın ASDP ilə bağlı səsləndirdiyi ittihamlara partiya sədri Araz Əlizadənin cavabı gecikmədi. Modern.az-a danışan A.Əlizadənin fikrincə, Arzu Abdullayeva və Zərdüşt Əlizadə ASDP-ni xeyli borca salaraq partiyadan gediblər. A.Abdullayevanın ünvanına müxtəlif ittihamlar səsləndirməkdən çəkinməyən ASDP sədri  onu hüquq müdafiəçisi kimi səviyyəsizlikdə də suçladı: “O hüquq müdafiəçisi deyil, varlıların müdafiəçisidir. Onun insan hüquqlarının müdafiəçisi kimi səviyyəsi də sıfıra bərabərdir”.

Maraqlıdır ki, onlar arasındakı bu qalmaqala ilk reaksiya Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovdan gəlib. E.İsmayılov Modern.az-a bildirib: “Azərbaycan Sosial Demokrat Partiyasının rəhbəri Araz Əlizadənin  ziyalı Zərdüşt Əlizadə və hüquq müdafiəçisi  Arzu Abdullayeva haqqında  söylədiyi ifadələri ürək ağrısı ilə qarşıladım. Bildirmək istəyirəm ki, Zərdüşt müəllim Azərbaycanın həqiqi ziyalılarından olan, dərin analitik təfəkkürə malik və mənəvi dəyərləri həyat tərzinə çevirən bir şəxsiyyətdir. Min cür təzyiqlərə, iftiralara, təhqirlərə məruz qalan Arzu xanım Abdullayeva da həmçinin. Azərbaycan cəmiyyətinin nəzərinə çatdırmaq istərdim ki, Rusiya  Federasiyasının Celyabinsk vilayətində qeyri-qanuni həbsdə olan zaman, Arzu xanımı  öz təşəbbüsü ilə məni müdafiə etmək üçün qazamata gələn gördüm, ondan çox böyük mənəvi dəstək aldım. Arzu xanım mənə möhkəm olub təzyiqlərə dözməyi və azadlığa qovuşacağım gün imkansız bir uşağın tibbi əməliyyatına imkanım daxilində dəstək olmağımı  xahiş etdi. Çox şərəfli, təmənnasız, qayğıkeş insandır! Arzu xanım mütəmadi olaraq,o cümlədən millət vəkili İlyas İsmayılovun dəstəyindən yararlanaraq kimsəsiz, məzlum, ədalətsizliklərlə və özbaşınalıqlarla üzləşmiş sadə insanların hüquqlarını müdafiəsi ilə məşğul olur. Bu iki işıqlı insan haqqında deyilənlər sadəcə böhtan və naqislikdir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu