Bu gündən etibarən ölkədə təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsinə başlanılıb. Test imtahanları 30 avqust - 1 sentyabr tarixlərində Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə 8 imtahan mərkəzində təşkil olunur.
Test imtahanı mərhələsində namizədlərə 60 sual təqdim edilir. Hər bir düz cavab bir bal kimi qiymətləndirilir. Cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunur.
Ümumilikdə imtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq. Onu da bildirək ki, 30 gün ərzində imtahandan narazı qalan müəllimlər apellyasiyaya müraciət edə bilərlər.
Maraqlıdır ki, bu gün Bakıda keçirilən imtahanda iştirak edən ibtidai sinif müəllimləri arasında kişi müəllim olmayıb.
Sertifikatlaşdırma prosesinin test mərhələsinə qatılan müəllimlər imtahanla bağlı təəsüratlarını Modern.az-la bölüşüblər.
İmtahan zalından hamıdan tez ayrılan Kəmalə İbrahimova əməkdaşımızla söhbətində 58 bal topladığını bildirib:
“Mən Hövsan qəsəbəsi 280 saylı məktəbin ibtidai sinif müəllimiyəm. 8 illik pedaqoji fəaliyyətim var. Diqqətsizliyimə görə, bu nəticəni gözləmirdim. Amma imtahana qədər davamlı olaraq çalışdım. Hazırlaşdığım üçün bir neçə gün övladlarımdan uzaq qalmışdım. Müəllimlərin işə qəbulu imtahanı və diaqnostik qiymətləndirmədə yüksək nəticə əldə etmişəm. Prinsipial insan olduğum üçün nəticəm həmişə yaxşı olub. Sualların ümumi səviyyəsi çətin deyildi. Çox xoşbəxtəm ki, bu cür yüksək nəticə toplayıb, məktəbimə üzüağ qayıdacam”.
Bugünkü imtahanda 55 toplayan İradə Bayramova isə 238 saylı məktəbin ibtidai sinif müəllimdir:
“Düşünürəm ki, daha yüksək nəticə əldə edə bilərdim. Bu imtahan müəllimlərin üzərinə düşən ən böyük məsuliyyətlərdən biri idi. Xüsusi olaraq hazırlaşırdım, məsləhətlər alırdım. Çünki imtahan suallarının ibtiadi sinif səviyyəsində olmadığı söylənilirdi. İmtahana hazırlaşmaq üçün zaman lazımdır. Hər bir müəllim tədris etdiyi fənlə bağlı yeniliklərdən məlumatlı olmalıdır. Bu imtahan həm də bizim inkişafımız üçün təkamül prosesidir".
55 yaşlı Şəlalə Quliyeva 55 bal toplayaraq, bu nəticəni özünə hədiyyə etdiyini vurğulayıb:
“Arzum idi ki, 55 bal toplayım. 238 saylı məktəbdə çalışıram. Sualların səviyyəsi çox yaxşı idi. Belə asan olacağını düşünməmişdim. Tələsməsəydim, 5 suala da cavab yazardım. Cüzi səhvim oldu. Əldə etdiyim nəticəyə görə xoşbəxtəm. Tələsirəm ki, nəticəmi iş yoldaşlarımla bölüşüm. Bütün müəllimlərə uğurlar arzulayıram”.
İmtahanda iştirak edən digər müəllim Rəna Məmmədovadır. O, həmkarlarından fərqli olaraq, cəmi 40 bal toplaya bilib:
“İmtahana xüsusi olaraq hazırlaşmamışam. Çünki övladlarıma toy edirdim, hazırlaşmağa vaxtım yox idi. İmtahan sualları çox yaxşı idi. Kompüterlə bağlı bəzi şeyləri bilmədiyim üçün səhvlərim çox oldu”.