
“Avtomobil qəzasının Araz Abdullayevə mənfi təsir etməsi şübhəsizdir. Ona mənəvi kömək lazımdır. “Neftçi” klubu ona arxa durmalıdır”. Bu sözləri
Modern.az-a “Neftçi” klubunun keçmiş məşqçisi Ağasəlim Mircavadov bildirib. “Araz Abdullayev son oyunları gözəl oynayırdı. Hesab edirəm ki, məlum qəza hadisəsindən sonra ona istirahət verilməlidir. İnanıram ki, “Neftçi” rəhbərliyi bunu edəcək və oyunçu tez bir zamanda özünə gələ biləcək. Çünki o, təkcə “Neftçi”yə yox, həm də yığmaya layiq oyunçulardan biridir”. Bir nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzasına görə saxlanılan "Neftçi" futbol klubunun oyunçusu Araz Abdullayev zaminə buraxılıb. Klub Araz Abdullayevin buraxılması üçün zamin durub. Hazırda cinayət işinin istintaqı davam edir. İstintaqın yekunu olaraq qərar çıxarılacaq.
Qeyd edək ki, "Neftçi" klubunun yarımmüdafiəçisi Araz Abdullayev martın 28-də komandanın bazasına məşqə gələrkən idarə etdiyi maşınla Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini vurub. Qadın süpürgəçilərdən biri hadisə yerində dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Abbas Quliyev