Bu il Azərbaycanda tələbə adını qazanmış ən gənc abituriyentin kimliyi məlum olub. Həmin şəxs 17 mart 2007-ci il təvəllüdlü Əsmər Məmmədovadır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub.
15 yaşında tələbə olmaq arzusuna çatan Əsmər təəssüratlarını Modern.az-la bölüşüb.
Orta məktəbi Gədəbəydə bitirən yeniyetmə qız yaşca özündən böyük uşaqlarla təhsil almağın çətin olduğunu deyib:
“Həmişə sinif yoldaşlarımdan pis oxuduğumu düşünürdüm. Gədəbəy şəhər 2 saylı tam orta məktəbdə təhsil almışam. Sinif yoldaşlarımla bərabər mən də universitetə daxil olmağı bacardım. Məktəbi fərqlənmə ilə bitirdim. Həmişə oxumağa həvəsim olub. Dörd yaşım olanda birinci sinfə getmişəm. Bunun üçün xüsusi imtahan vermişdim. Bacımın 16 yaşı var. O, bu il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunub”.
Ə.Məmmədova gələcəkdə hüquq təhsili almaq istədiyini söyləyib:
“Qəbul imtahanında 472 bal toplamışam. Azərbaycan Dövlət Pedoqoji Universitetində Tarix və Coğrafiya müəllimliyi üzrə təhsil alacağam. Gələcək hədəflərimdən biri də magistr təhsili almaqdır. Heç ağlıma gəlməzdi ki, ölkənin ən gənc tələbəsi olacağam. Bu yolda mənə dəstək olan valideynlərimə və müəllimlərimə təşəkkür edirəm”.