Modern.az

Yataqxanalara tələbə axını – Boş yer qalmayıb...

Yataqxanalara tələbə axını – Boş yer qalmayıb...

Təhsil

12 Sentyabr 2022, 15:50

Bu həftədən etibarən ölkənin bütün ali təhsil müəssisələrində yeni tədris ilinə başlanılacaq. Artıq tələbələr paytaxta axın etməyə başlayıblar. Ali məktəblərə yeni qəbul olunan tələbələrin bəziləri yaşamaq üçün yataqxanaları seçib, bir çoxları isə kirayə mənzillərdə qalmağa üstünlük verib. 

 

Bəs, universitetlərin yataqxanalarına tələbat varmı? Qiymətlər münasibdirmi?

 

Modern.az bu və digər suallara cavab tapmaq üçün universitetlər arasında sorğu keçirib.

 

Bakı Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsin müdiri Kəmalə Quliyeva bildirib ki, BDU-nun 220 nəfərlik tələbə evi var:

 

“Əsasən şəhid və qazi övladlarına üstünlük verilir. Yataqxana universitetə yaxın ərazidə yerləşir, hər cür şəraitlə təmin olunub. Yataqxanada təhlükəsizlik kameraları da var. Yataqxanaya müraciət çox olduğu üçün boş yer qalmır”.

 

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın sözlərinə görə, hazırda ATU-nun 4 yataqxanası fəaliyyət göstərir:

 

“3 saylı yataqxanamız təmirə bağlanıb. 1 və 2 saylı yataqxanada qız tələbələr, 6 saylı yataqxanada oğlan tələbələr, 5 saylı yataqxanada isə əcnəbi tələbələr yaşayır. 4 yataqxananın ümumi tutumu 968 nəfərdir. Bu il kifayət qədər boş yer qalmayıb. Yay fəsli boyunca yataqxanadakı bütün problemlər aradan qaldırılıb. Yataqxana qiyməti 50-80 manat civarında dəyişir”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov bildirib ki, hazırda ADNSU-nun balansında olan köhnə yataqxanalardan bir bina fəaliyyət göstərir, həmin  bina qismən təmir olunub, istifadəyə verilib:

 

“Yataqxanada 320 yer var, otaqlar 2 və 3 nəfərlikdir. Hər otağın qiyməti 100 manatdır. Yataqxanada əcnəbi tələbələr də qalır. Bundan əlavə, yerli tələbələr arasında sosial təminatı zəif olan, həssas ailə quruplarına daxil olanlar güzəştlər olunur, ehtiyac olarsa, onlar pulsuz yataqxana ilə təmin edilirlər”.

 

Azərbaycan Dövlət Pedoqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov isə deyib ki, hazırda universitetin cəmi bir yataqxanası fəaliyyət göstərir:

 

“Yataqxananın ümumi tutumu 240 nəfərlikdir. Otaqlar lazımi avadanlıqlarla təmin olunub. Tam yerləşmə olduqdan sonra yataqxanada boş yer qalmır”.

 

Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova isə qeyd edib ki, 153 nəfər qız üçün nəzərdə tutulan yataqxana fəaliyyətini davam etdirir.

 

“Aylıq ödəniş 50 manatdır. Bu qiymətə kommunal xərclər də daxildir. Yataqxana üçün müraciət edənlərin sayı kifayət qədər çoxdur, tam yerləşmə olduqdan sonra boş yer qalmır. Gələcəkdə əlavə yataqxanalar tikiləcək. Bu yataqxanalar həm də oğlanlar üçün istifadəyə veriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi