Modern.az

Azərbaycanlı deputatın İranlı həmkarına etirazı: “Çox böyük narazılıq yaranıb”

Azərbaycanlı deputatın İranlı həmkarına etirazı: “Çox böyük narazılıq yaranıb”

4 Aprel 2013, 11:38

“İranlı deputatın Azərabyacanla bağlı bəyanatının tonu ikitərəfli münasibətlərə zərbə vurur”. Bu fikirləri Modern.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdinin Azərbaycanla bağlı çıxışını şərh edərkən bildirib.

Milli Məclis üzvünün fikrincə, Əlaəddin Burucerdinin  son dövrdə səsləndirdiyi fikirlər Azərbaycan parlamentində çox böyük narazılıqla və etirazla qarşılanır.

“Vaxtaşırı İranın müəyyən siyasi dairələrinin Azərbaycanla bağlı bütün diplomatik normaları kobud surətdə pozan bəyanatlarına rast gəlirik. Və çox təəssüf edirəm ki, bu bəyanatlarla İran parlamentinin üzvləri də çıxış edirlər. Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətsizlik, tarixi saxtalaşdırmaq, Azərbaycanın daxili və xarici siyasətinə dair yersiz məsləhətlər vermək onların leksikonunda artıq bir qaydaya çevrilmişdir.

Düzdür, bunlar İranın rəsmi mövqeyi sayıla bilməz və İran tərəfi bunun kimlərinsə şəxsi mövqeyi olduğunu bildirir, ancaq bununla belə səlahiyyət daşıyan şəxs dediyi fikirlərin də rəsmiyyətini dərk etməlidir. İran parlamentinin adı çəkilən şəxsin Azərbaycanla bağlı son dövrdə səsləndirdiyi fikirlər Azərbaycan parlamentində çox böyük narazılıqla və etirazla qarşılanır.

İranlı deputatların ziyalıya yaraşmayan tonda ifadələr işlətməsi, Azərbaycanla bağlı heç cür ölçüyə gəlməyən fikirlər bildirməsi yolverilməz və həmçinin ikitərəfli münasibətlərə xələl gətirən məsələlərdir”-deyə A.Mirzəzadə qeyd edib.

A.Mirzəzadə həmçinin qeyd edib ki, Azərbaycan tərəfi bu kimi çıxışlara kəskin rəyini bildirəcək:

“İran parlamentinin üzvləri Azərbaycanın müstəqil dövlət olduğunu, özünün daxili və xarici siyasətini müstəqil həyata keçirməsini qəbul etməlidirlər. Bu, onların vəzifə səlahiyyətləridir. Bu, onların İranı təmsil etmək kimi bir borcudur. Bu baxımdan Azərbaycan bu cür bəyanatları həmişə etirazla qarşılayacaq və buna öz kəskin rəyini bildirəcək.

Nədənsə Azərbaycanın tarixini saxtalaşdırmağa, onun bugünkü reallığına qara eynəkdən baxmaq istəyənlər bu gün torpaqlarımızı işğal altında saxlayan Ermənistanla dostluq fikirlərini səxavətlə bölüşürlər və heç də Ermənistanı işğalçılıq siyasətindən geri çəkilməyə çağırmaq niyyətində deyillər.  Ermənistana məhəbbət fikirləri ilə isə onlar Ermənistanın Azərbaycana qarşı yeritdiyi aqressiv siyasətinə dolayı yolla siyası dəstək vermiş olurlar. Bu şəxslərin içərisində parlamentdə status tutan şəxslərin olması çox böyük təəccüb doğurur. Hesab edirəm ki, onlar öz şəxsi fikirlərini tutduqları vəzifələrinə görə səlahiyyət müddətində heç olmasa gizlətməyi bacarmalıdırlar».

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu