ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həllində passivlik nümayiş etdirməsi artıq bir neçə dəfə müzakirə mövzusu olub. Bununla yanaşı, bu təşkilatın həmsədrləri sanki Azərbaycana turist gəzintisini xatırladan səfərlər etməklə guya öz diplomatik missiyalarını yerinə yetirirlər. Bundan başqa, Cənubi Qafqaz regionunda ABŞ və Rusiyanın maraqları toqquşur. Son zamanlar Əfqanıstandan çıxarılacaq NATO qoşunlarının Azərbaycan ərazisindən daşınması məsələsi ə gündəmə gəlib və Rusiya, bir növ, bundan qıcıqlanır. Bu tendensiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ATƏT-in Minsk Qrupunun fəaliyyətində hansı problemlər yarada bilər? Belə olan təqdirdə bölgədə maraqları toqquşan iki dövlət nə dərəcədə Qarabağ probleminin həll olunmasında hansı təkliflər verə bilər?
Bu barədə Modern.az-ın suallarını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, ümumiyyətlə, münaqişənin həlli real görünmür.
Münaqişədə Barak Obama faktoru
Politoloq qeyd edib ki, ABŞ prezidenti Barak Obama heç vaxt Qarabağ münaqişəsinin həllində maraqlı olmayıb. “Barak Obama prezidentliyi dövründə hər hansı bir təşəbbüs irəli sürməyib. Bundan sonra da təşəbbüslərin olacağı real deyil. ABŞ üçün Qarabağ məsələsi arxa plandadır. Çünki Rusiya ilə bölgədə toqquşmaq istəmirlər. Əksinə, qlobal məsələlərdə razılığa gəlmək niyyətindədirlər. ABŞ həm də Cənubi Qafqazda passivdirlər. Gürcüstan daha çox Qərbə yaxınlıq nümayiş etdirirdi, amma ABŞ onlara kifayət qədər dəstək vermədi. Rusiya aktivləşərək Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıdı”.
“Azərbaycan antiterror əməliyyatlarında ABŞ-a kifayət qədər dəstək versə də...”
Azərbaycanın ABŞ üçün əhəmiyyətli olmasından söz açan politoloq bildirib ki, bu da ABŞ-ın Qarabağ münaqişəsinin həllində səylərini artırmayacaq. “Azərbaycan antiterror əməliyyatlarında ABŞ-a kifayət qədər dəstək verir. NATO yüklərinin böyük bir hissəsi Azərbaycanın hava məkanı üzərindən Əfqanıstana daşınır. İndi də Əfqanıstandan çıxarılacaq NATO qoşunlarının Azərbaycan ərazisindən daşınması nəzərdə tutulur. Amma bütün bunlar ABŞ-ın problemin həllində aktivləşəcəyinə əsas vermir”.
Görəsən təkliflərinin mahiyyəti nədir?
Mərkəz rəhbəri onu da söyləyib ki, Azərbaycana son səfərlərində də heç bir müsbət irəliləyiş olmayacaq. “Həmsədrlər İrəvanda olanda belə bir fikir səsləndirmişdilər ki, guya bunların Xocalı hava limanı ilə bağlı təklifləri var. Bunun mahiyyətini bilmək mənə də maraqlı olardı. Mən düşünürəm ki, burda inqilabi təkliflər nəzərdə tutulmayıb. 20 ildir bunların təklifləri həyata keçməyib. Rusiya da münaqişənin həllində maraqlı deyil. Çünki problem həll olunsa, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri açılacaq və münasibətlər normallaşacaq. Ermənistanın Türkiyə və Azərbaycandan iqtisadi asılılığı arta bilər. Bu da gətirib ona çıxaracaq ki, Ermənistanın Rusiyadan asılılığı azalacaq. Bununla da Rusiya Cənubi Qafqazda öz yeganə forpostunu itirəcək”, – deyə E. Şahinoğlu vurğulayıb.
Aqşin Kərimov