“Prezidentin Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə məktəblərin tikintisi prosesi gedir. Şuşa və Ağdam məktəbi bu tədris ilinin sonu artıq tam hazır olacaq".
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Ağalıda Bilik Günü tədbirinə qatılan Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
E.Əmrullayev qeyd edib ki, növbəti tədris ilindən 960 nəfərlik məktəblərdə də ilk zəng çalınacaq:
“Cəbrayıl və Füzuli bölgələrində məktəblərdə tikinti işləri başlanılıb. Suqovuşan qəsəbəsindəki məktəb təmirdən sonra hazır vəziyyətdədir. Füzuli peşə liseynin hazırlıq prosesi bitmək üzrədir. Şuşa Real məktəbinin də artıq layihələndirilməsi bitib. Bütün bu layihələr özlüyündə 10 minlərlə şagirdi əhatə edəcək".
"Şəhərsalma-proqnozlaşdırma baxımından köçürüləcək əhalinin planlaşdırılması, hazırda müxtəlif bölgələrdə fəaliyyətdə olan məktəblərin düzgün şəkildə köçürülməsi, o cümlədən müəllimlərin işlə təmin olunması, bu bölgələrdə keyfiyyətli tədrisin təmin edilməsi kimi layihələr üzərində işlənilir", - nazir qeyd edib.