
Ölkənin qanunverici orqanı olan Milli Məclisdə çoxlu qanunlar layihələri hazırlanır, müzakirə olunur və sonda qəbul olunur. Bəzən isə qəbul edilmiş qanunlara əlavə və dəyişiklər edilir. Zaman dəyişir, hər şeydə inkişaf müşahidə edilir. Zamanın dəyişməsi isə yeni tələbləri ortaya çıxarır. Bəs zaman uyğun bu gün daha hansı qanunların qəbuluna ehtiyac var?
Modern.az-ın əməkdaşı
Milli Məclisin Aqrar siyasəti Komitəsinin sədr müavinindən münasibət öyrənməyə çalışıb.
Millət vəkili Eldar Quliyev bildirib ki, hazırda komitənin hazırladığı “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi ikinci oxunuşdadır. “Həmin qanun layihəsini qeyri-müəyyən səbəblərdən saxlayıblar, amma hesab edirəm ki, yaxın vaxtlarda qəbul olunacaq”.
Bundan əlavə, E. Quliyev qeyd edib ki, hazırda onlar iki yeni qanun layihəsi üzərində işləyirlər. “Bu gün Azərbaycana müxtəlif ölkələrdən mənşəyi bəlli olmayan məhsullar gətirilir. Düzdür, müxtəlif qurumlar tərəfindən bu yoxlanılır, amma istərdik ki, bunun hüquqi bazası olsun. İki dövlətdə – Rusiya və Qazaxıstanda tətbiq olunan qanunları Azərbaycanda tətbiq etmək istəyirik. Onları Azərbaycan qanunvericiliyinə uyğunlaşdırıb sentyabrda Milli Məclisin müzakirəsinə çıxardacağıq. Digər qanun isə məhsulların qablaşdırılması və onların qablaşdırıldığı materialların tullantısının təkrar emala göndərilməsi haqqındadır. Bu qanun layihəsini də 2014-cü ilin yaz sessiyasına qədər hazır edəcəyik”.
E.Quliyev bildirib ki, komitədə kənd təsərrüfatı ərzaq məhsullarının informasiyası haqqında qanun layihəsi də hazırlanır. “Bəzi çatışmazlıqlar səbəbi ilə layihəni plenar iclasa təqdim edə bilməmişik”.
Aytən Əliyeva