Modern.az

Torpaqda Heydər Əliyev izi...

Torpaqda Heydər Əliyev izi...

Təhsil

9 Aprel 2013, 14:45


Torpaqda izi olanın süfrədə üzü olar deyib atalarımız. Məhz onun Azərbaycan torpağında qoyduğu iz bu gün də bütün süfrələrin bərəkətinə çevrilib. Torpağa atdığı hər toxumun cücərdiyi kimi yaratdıqları, qurduqları ölümündən sonra da cücərdi, yetişdi, bar verdi. Onun yaratdıqları, qurduqları, dediyi hər kəlmə, atdığı hər addım, yürütdüyü siyasət indi də dünyanın bir parçasını, Azərbaycan adlı bir məkanı yaşatmaqdadır. Dünyada şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə onun adı çəkilir. Əlbəttə ki, söhbət türk dünyasının ikinci Atatürkü, ulu öndər Heydər Əliyevdən gedir. 

Onun başına min bir oyunlar gətirilmiş Azərbaycanın ən təlatümlü vaxtlarında hakimiyyətə gəlməsi Azərbaycanı dünyanın siyasi arenasında yenidən parlatdı.

“İqtisadiyyat ölkənin təməl daşıdır” deyən ulu öndərin ilk islahata başladığı sahə də məhz iqtisadiyyat, kənd təsərrüfatı oldu. Ulu öndər keçmiş SSRİ rəhbərlərinin diqqətini Azərbaycanın kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəltdi, respublikaya texnika, yanacaq, ehtiyat hissələri, tikinti materialları, mineral gübrə, kimyəvi preparatların gətirilməsinə nail oldu.

Əkinçilərin ümid yeri sayılan torpağa diqqəti artıran Heydər Əliyev kənd təsərrüfatına məqsədli vəsait qoymadan yüksək nəticələr əldə etmək mümkün olmadığını bildiyindən bu istiqamətdə düşünülmüş, əsaslı tədbirlər ardıcıllıqla həyata keçirilməyə başlandı. İqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparıldı. Onun səyləri nəticəsində ölkədə heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı komplekslər və quşçuluq fabrikləri fəaliyyətə başladı, toxumçuluq və damazlıq işinin elmi əsaslarla təşkili həyata keçirildi. Kənd təsərrüfatında  ümumi istehsalın inkişafı ilə yanaşı, ölkəmizdə aqrar maşınqayırma sənayesi, mineral gübrə və digər kənd təsərrüfatı avadanlıqları və vasitələri istehsalı təşəkkül tapdı, kənd təsərrüfatı məhsullarının emalı  üçün yeni ət, süd kombinatları, meyvə və tərəvəz konservləri zavodları tikildi, mövcud olanlar modernləşdi.

Kənd ərazilərinin qaz, işıq, su, rabitə, yol, sosial və digər infrastruktur obyektlərlə təminatı genişləndi. Bütün bunlar respublikamızın geridə qalan aqrar ölkədən aqrar sənaye kompleksinə malik və müasir sosial infrastrukturlu kəndləri olan ölkəyə çevrilməsini təmin etməklə bu günə kimi davam edən inkişafın möhkəm təməlini qoydu. Həmişə öz bacarığı, ağlı, düzgün siyasəti ilə bütün xalqı öz ardınca aparmağı bacaran müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi iqtisadiyyatda canlanma yaratdı. Az bir zamanda ölkədə iqtisadi tərəqqi nəzərə çarpdı. Sürətlə qurulmuş infrastrukturun, neft-qaz sənayesinin və onun əsasında digər sahələrin, aqrar-sənaye kompleksinin dinamik inkişafı və Azərbaycan kəndinin simasının dəyişməsi dövlətin təməlinin möhkəmlənməsinə səbəb oldu.

Heydər Əliyev aqrar sahəyə vəsait qoyuluşuna başladı. Əsaslı vəsait əsas etibarilə respublikada kənd təsərrüfatının məhsuldarlığını inkişaf etdirmək üçün torpaqların irriqasiya, meliorasiya və bir sözlə, suvarma sisteminin yaxşılaşdırılmasına yönəldildi. Təsərrüfatın vuran ürəyi olan suvarma təchizatlarının yaxşılaşdırılması ilə kənd təsərrüfatının intensiv inkişafı təmin edildi.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da Heydər Əliyevin aqrar sektora çəkdiyi zəhmətdən danışanda ilk olaraq onun bu fəaliyyətinə SSRİ rəhbərliyində işlədiyi zamandan başladığını söylədi. Deputatın sözlərinə görə, Heydər Əliyev İttifaqa rəhbərlikdən riyakarlıqla uzaqlaşdırıldıqdan və ittifaqda baş verən siyasi və iqtisadi dəyişikliklərdən sonra, habelə  respublika rəhbərliyinin səriştəsizliyi ucbatından aqrar sənaye kompleksi dağılmağa başladı:

“1990-cı illərin əvvəlində Naxçıvana qayıdan və Muxtar Respublikanın Ali Məclisinin sədri seçilən Heydər Əliyev yaranmış vəziyyətdən çıxış yolunu aqrar islahatlarda gördü və onun həyata keçirdiyi bu tədbir tezliklə öz bəhrəsini verdi. Blokada şəraitində yaşayan Naxçıvan əhalisinin ən çətin problemi olan ərzaq təhlükəsizliyi kənar müdaxilə olmadan təmin olundu. 1995-1996-cı illərdən başlayaraq bu sahədə MDB məkanında ilk dəfə olaraq bizim respublikamızda inkişaf başladı. Heydər Əliyev yaxşı bilirdi ki, bazar iqtisadiyyatı şəraitində ölkəmizin özünə layiq yer tutması, qloballaşan dünya iqtisadiyyatına uğurlu inteqrasiya üçün aqrar islahatları dərinləşdirmək, torpaq və digər aqrar  istehsal vasitələri üzərində xüsusi mülkiyyəti bərqərar etmək lazımdır. Bu məqsədlə aqrar islahatların qanunvericilik bazası yaradıldı və islahatlara başlandı. Hazırda 1200 mindən çox adam kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Bünövrəsi ulu öndərimiz tərəfindən qoyulan aqrar siyasət  hörmətli prezidentimiz İlham Əliyev cənabları tərəfindən  uğurla həyata keçirilir və aqrar sahənin və kənd ərazilərinin davamlı inkişafı dövlətin gündəlik himayəsi və dəstəyi ilə əhatə olunub”.

Ərzaq Təhlükəsizliyi Alyansının koordinatoru Nizami Qarayev Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəldiyi gündən aqrar sahəyə xüsusi diqqət göstərdiyini deyir.  Onun sözlərinə görə, məhz onun səyləri hesabına sovet Azərbaycanı o zaman üçün çox ciddi kənd təsərrüfatı ölkəsinə çevrildi. Belə ki, o dövrdə pambıqçılıq, üzümçülük, tərəvəzçilik ciddi inkişaf yolu keçdi və İttifaqın bu məhsullarla təmin etməyə başladı:

“Təsadüfü deyil ki, Azərbaycan o zaman tərəvəz istehsalında çox ciddi uğurlar qazandı. O, zaman ümummilli liderin aqrar sahəyə göstərdiyi diqqətin nəticəsi hesabına mümkün oldu. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra da kənd təsərrüfatının xüsusi önəm daşıdığını nəzərə alaraq bu sahəyə diqqəti artırdı. Nəticədə fermerlər, kənddə yaşayan hər kəs torpaq sahibi oldu. Bu özəlləşmə hesabına ölkədə 870 mindən çox fermer ailəsi torpaq mülkiyyətçisinə çevrildi.  Bu o zaman üçün inqilabi bir fəaliyyət idi. Çünki keçmiş ittifaqın heç bir ölkəsində kolxoz və sovxozlar ləğv edilib onun bazasında fermer təsərrüfatları yaradılmamışdı. Həmin dövr üçün riskli addım olmasın baxmayaraq ulu öndər bu addımı atdı. Bu gün də əsası Heydər Əliyev tərəfindən qoyulan fermer təsərrüfatları fəaliyyət göstərir və ölkənin ərzaq təminatına və təhlükəsizliyinə öz töhfəsini verir. Yaradılmış bu təsərrüfatların inkişaf etdirilməsi istiqamətində də müəyyən işlər davam etdirilir. Fermerlərin dəstəklənməsi üçün müəyyən subsidiyalar nəzərdə tutulub. Yanacaq motor yağlarına, taxın, əkin, keyfiyyətli toxum istehsalına görə, gübrə istifadəsini stimullaşdırmaq üçün fermerlərə subsidiyalar verilir. Bütün bunlar hamısı kənd təsərrüfatının inkişafına hesablanmış bir siyasət idi”.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev də Heydər Əliyevin həyatını kənd təsərrüfatına həsr etdiyi deyir. Şöbə müdirinin sözlərinə görə, onun təşəbbüsü ilə kənd təsərrüfatı istehsalı çox kəskin şəkildə artırıldı:

“Onun apardığı düşünülmüş siyasət nəticəsində 20-25 min hektar sahədə yeni meyvə, üzüm bağları əkilməyə başladı. Pambıq sahələri 290 min hektara kimi çatdırıldı. Azərbaycan SSRİ-nin cənubda yaşıl tərəvəz məkanı adlandırıldı. Buradan ildə 300-330 min ton faraş tərəvəz sovet ittifaqının ayrı-ayrı vilayətlərinə göndərilməyə başladı. Kapital qoyuluşu, sərmaye qoyuluşu ildən-ilə artırıldı. Hər il büdcədən bu qədər vəsaitin ayrılması da məhz Heydər Əliyevin təşəbbüsü ilə baş tuturdu. Ulu öndərin əkinçiliyə böyük qayğısı sayəsində pambıqçılığın inkişafı üçün meliorasiya tədbirləri görüldü. 100 min hektarlarla ərazi suvarma sisteminə cəlb edildi. Kənd təsərrüfatının bütün sahələrinə qayğısını əsirgəməyən Heydər Əliyev heyvandarlığın də inkişafı üçün xaricdən Azərbaycana cins mal-qara gətirilməsi üçün müəyyən işlər gördü.  Heyvandarlığın yem bazasının yaradılması üçün yerlərdə torpaqlar, qışlaqlar yaradıldı. Bunun hamısı planlı şəkildə həyata keçirilirdi. Onun vaxtilə tutduğu yol, apardığı uğurlu siyasətin bəhrəsini indi də görürük”. 

Gültəkin Ələsgər

İqtisadi İnkişaf Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu