
Modern.az xəbər verir ki, bu gün
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda AMEA-nın Rəyasət Heyəti üzvləri, ali təhsil müəssisələrinin rektorları, BDU-nun elmi Şurasının üzvləri, tanınmış alimlər iştirak edib.
Universitetin rektoru akademik Abel Məhərrəmov Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirib. Rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib. Qeyd edib ki, dövlət tərəfindən göstərilən qayğı, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2012-ci ildə BDU “QS World University Rankings-2012” reytinqinə görə dünyanın 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2000 universitetinin siyahısına daxil edilib. Hesabat ilində Rusiyanın Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko BDU-nun fəxri doktoru seçilib. İclasda 2012-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor prof. A.H.Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb. Məlum olub ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. A.Kazımzadə qeyd edib ki, ümumiyyətlə 2012-ci ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 195 mövzu üzrə 1149 elmi iş yerinə yetirilib. Hesabat ilində Universitetdə fəaliyyət göstərən 6 daimi və 10 Birdəfəlik Dissertasiya Şuralarında 90 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 41 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə edib. Ümumiyyətlə BDU əməkdaşları, doktorantı və dissertantları tərəfindən ixtisas üzrə 10 elmlər doktoru və 85 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edilib.
Hesabat ilində Universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 74 monoqrafiya, 66 kitab, 92 dərslik, 109 dərs vəsaiti, 2462 məqalə, o cümlədən 1761 məqalə respublikada, 701 məqalə xaricdə, 1432 tezis, o cümlədən 623 tezis respublikada, 809 tezis xaricdə, 40 metodik göstəriş, 207 proqram nəşr etdirilib. Cari ildə universitet alimləri 32 doktorluq və 146 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik ediblər. 15 doktorluq və 99 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy verib.
Xaricdə nəşr olunmuş 701 məqalədən 145-ı, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 20,7 %-i impakt faktorlu jurnallarda nəşr olunub: BDU əməkdaşları tərəfindən 19, o cümlədən BDU-nun sahibliyi ilə 10 yerli və 2 beynəlxalq patent alınıb. A.Kazımzadə 2012-ci ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib. Bu kitablar mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, biologiya, tarix, filologiya, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin əməkdaşları tərəfindən yazılıb və ABŞ, Almaniya, Rusiya, Ukrayna, Türkiyə və İran İslam Respublikasının nəşriyyatlarında nəşr olunub. Hesabat ilində Universitetin əməkdaşları tərəfindən 86 (53 beynəlxalq və 33 respublikadaxili) elmi layihələr həyata keçirilib.
Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırır. Hesabat ilində Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 34 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanıb.
Modern.az