
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ideya müəllifi və baş redaktoru olduğu 5 cildlik “Böyük İqtisadi Ensiklopediya”nı oxuculara təqdim edib.
Modern.az-ın xəbərinə görə, yeni işıq üzü görən ensiklopediya dünya iqtisadiyyatının tarixi, həyatın müxtəlif sahələrində istifadə olunan terminlərin mənası, görkəmli iqtisadçıların fəaliyyəti və digər mövzularda verilən məlumatlar zənginliyi, mahiyyəti ilə diqqət çəkir. 5 cilddən ibarət, 10 minə yaxın termin, iqtisadi anlayış və məqalənin toplandığı ensiklopediya çoxsaylı nəzəri, faktoloji material əsasında ictimai həyatdan gələn sualları cavablandırmaqla oxucuya çoxsaylı iqtisadi hadisələr, kateqoriyalar, modellərlə bağlı zəruri bilgilər verir. Prezidentin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanın tələblərinə müvafiq olaraq, ensiklopediyada dilimizə yeni daxil olmuş bir çox iqtisadi termin və anlayışların Azərbaycan dilinin qrammatik prinsiplərinə müvafiq istifadəsinə nail olunub.
Ensiklopediyada digər özünəməxsus xüsusiyyəti bir sıra elmlərə, o cümlədən riyaziyyat, tarix, sosiologiya, nanotexnologiya, sinergetika və s. ilə qarşılıqlı əlaqədə olan, bu elm sahələrində əldə edilən novatorçu ideyaların iqtisadi-sosial həyatda tətbiqi ilə iqtisadiyyat elmində baş verən ən son tərəqqiyə, elmi nəticəyə yer verməsidir. Çoxcildliyin səhifələrində 1968-ci ildən başlayaraq Nobel mükafatına layiq görülmüş məşhur iqtisadçıların bioqrafiyasına, onların irəli sürdüyü yeni təlim və konsepsiyaların təməl prinsiplərinə, son bir əsrdə nəzəri və praktik fəaliyyəti ilə Azərbaycana da təsir göstərmiş və ya təsir göstərməkdə olan iqtisadçılar barədə məlumatlara geniş yer verilib və bu dəyərli informasiyaların böyük əksəriyyəti ilk dəfə ana dilimizdə belə peşəkar səviyyədə nəşr edilib.
Gültəkin Ələsgər