“El” hərəkatı idarə heyətinin aprelin 9-da keçirilən toplantısında təşkilati məsələlər müzakirə olunub, hərəkat sədrinin müavinləri vəzifəsinə təyinatlar olub. “Yeni Müsavat” qəzeti bu barədə xəbəri Zəfər Quliyevdən alıb.
Bildirilir ki, politoloq Zəfər Quliyev siyasi məsələlər üzrə, Eldəniz Quliyev ictimai əlaqələr üzrə, Köçəri Nağıbəyli təşkilat məsələləri üzrə, İlham Hüseyn humanitar məsələlər üzrə hərəkat sədrinin müavinləri təyin edilib.
Zəfər Quliyev bildirib ki, yaxın günlərdə hərəkat sədrinin daha bir neçə müavininin təyinatı gözlənilir: “Fikrimizcə, hərəkat sədrinin hüquq məsələləri və insan haqları sahələri üzrə müavinləri də təyin edilməlidir. Yaxın günlərdə real namizədlər arasında seçim ediləcək”.
“El” hərəkatının saytı da ən qısa zamanda içə başlayacaq. İH-in 9 aprel toplantısında saytın hazırlanması üzrə hesabat verən işçi qrupun üzvləri saytın istifadəyə hazır olduğunu bildirib.
Zəfər Quliyevin sözlərinə görə, toplantının ən önəmli qərarı “El” hərəkatının bütün tərəfdarlarına xüsusi bir müraciət ünvanlanması ilə bağlı olub: “Müraciətin mətni artıq hazırlarnır. Bu çağırış xarakterli müraciət olacaq. Ola bilər bu gün biz həmin müraciəti yayaq. Bundan başqa, biz ölkədəki repressiyalara, eyni zamanda seçki dönəmində baş verə biləcək qanunsuzluqlara etirazın birgə ifadəsi üçün bütün demokratik qüvvələrə müraciət ünvanlayacağıq. Hesab edirik ki, indiki mərhələdə Azərbaycanda demokratikləşmə uğrunda mübarizə aparan bütün qüvvələrin sıx, koordinasiya edilmiş əməkdaşlığa ehtiyacı var”.
Modern.az