Ana Vətən Partiyası da payızda keçirilən prezident seçkilərində iştirak etmək qərarına gəlib. Bu barədə Modern.az partiyanın sədri, millət vəkili Fəzail Ağamalı məlumat verib. Deputatın sözlərinə görə, AVP 2013-cü il prezident seçkilərində öz namizədi ilə qoşulacaq:
“Seçkilərdə iştirak etmək niyyətindəyik. Bu ayın 13-də partiyanın Ali Məclisinin yığıncağı keçiriləcək. Yığıncaqda qoyulan məsələlərdən biri də qurultaya hazırlıqdır. Qurultayda seçkilərdə hansı formada, hansı taktika ilə təmsil olunmağımız müəyyən ediləcək. Partiyanın namizədini də qurultay müəyyən edəcək”,-deyə partiya sədri bildirib.
F.Ağamalı özünün namizədliyinə gəlincə isə bu haqda hələlik danışmaq istəmədiyini deyib:
“Mənim namizədliyimə gəlincə bütün bunların hamısını müəyyənləşdirən qurultaydır. Mən qurultayın adından nəsə söyləyə bilmərəm. İnşallah qurultaydan sonra şahidi olacağıq”.
F.Ağamalı daha sonra iqtidaryönlü partiyaların seçkiöncəsi siyasi birliyinin yaradılması ilə bağlı məsələyə aydınlıq gətirib. Millət vəkili hesab edir ki, iqtidar partiyalarının birlik yaratmasına ehtiyac yoxdur.
“İqtidaryönlü partiyaların düşünmürəm ki, siyasi birliyi yaransın. Belə bir təcrübə yoxdur. Qarşıdan gələn prezident seçkilərində də bunun zəruriliyini görmürəm”.
Anar RÜSTƏMOV