
Aprelin 10-da “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Macarıstan Respublikasının “Budapeşt Sukanal” Səhmdar Cəmiyyəti (Waterworks of Budapest Plc. şirkəti) arasında əməkdaşlığa dair saziş imzalanıb.
Modern.az xəbər verir ki, imzalanma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri cənab Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə danışaraq, bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Qorxmaz Hüseynov sistemlərin dünya standartları səviyyəsində qurulması məqsədi ilə layihələrin icrasında ən yeni texnologiyalardan istifadə edildiyini, su təchizatı və kanalizasiya infrastrukturlarının müasir metodlarla idarəedilməsinə üstünlük verildiyini qeyd edib:
“
Hesab edirəm ki, bu sahədə böyük təcrübəsi olan Macarıstanın “Budapeşt Sukanal” Səhmdar Cəmiyyəti ilə əməkdaşlığımızın geniş perspektivləri vardır. Su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihələrinin əhatə dairəsi daha da genişlənəcək və bu sahədə sizinlə əməkdaşlığı davam etdirəcəyik. Bu əməkdaşlıq çərçivəsində bir müddət əvvəl “Azərsu” ASC-nin mütəxəssisləri Macarıstana ezam edilmiş və “Budapeşt Sukanal” Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olmuşlar”.
“Budapeşt Sukanal” Səhmdar Cəmiyyətinin baş direktoru Csaba Haranghy Azərbaycanda infrastruktur sistemlərinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyini qeyd etmiş, içməli su təchizatı və kanalizasiya sektorunda yeni layihələrin icrasını yüksək dəyərləndirib:
“Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izləyirik. Qısa müddətdə böyük layihələrin icrasına başlanılmışdır. Bu sahədə qarşılıqlı təcrübə mübadiləsinə əsaslanaraq əməkdaşlığın geniş perspektivləri olduğunu demək mümkündür. Bizim idarəetmə sistemlərinin yaradılması, müasir tipli su anbarlarının tikintisi səhəsində böyük təcrübəmiz vardır” Sazişi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və “Budapeşt Sukanal” Səhmdar Cəmiyyətinin baş direktoru Csaba Haranghy imzalayıb.
Qeyd edək ki, Macarıstanın Waterworks of Budapest Plc. şirkəti 11-13 aprel 2013-cü il tarixlərində Bakı şəhərində keçiriləcək Xəzər beynəlxalq Su texnologiyaları sərgisinin iştirakçısıdır.
Modern.az