Millət vəkili Azay Quliyev siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını ABŞ prezidenti Barak Obamaya dəstək verməyə çağırıb. Modern.az-ın məlumatına görə, deputat ABŞ prezidenti tərəfindən 2014-cü ilin dövlət büdcəsindən Ermənistana ayrılan maliyyə yardımlarının azaldılması məsələsinə münasibət bildirib.
“ABŞ prezidenti Barak Obama 2014-cü ilin dövlət büdcəsini təsdiq üçün Konqresin müzakirəsinə təqdim edib. Obama büdcənin xarici ölkələrə yardım bölümündə növbəti ildə Ermənistana ayrılacaq vəsaiti kifayət qədər azaltmış və ən önəmlisi isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə birbaşa maliyyə yardımın verilməsini nəzərdə tutmamışdı. Lakin Azərbaycanın haqlı etirazına, hətta keçən il prezident Obamanın eyni mövqe sərgiləməsinə baxmayaraq ABŞ konqresi beynəlxalq hüquqa və prinsiplərə zidd olaraq Dağlıq Qarabağ ermənilərinə maliyyə yardımı göstərməkdə davam edir. Şübhəsiz ki, Konqres tərəfindən ölkəmiz əlehinə belə bir qərarın hər il təkrarlanmasında erməni lobbisinin çox böyük təsiri var.
Yenə də ABŞ-da fəaliyyət göstərən erməni milli komitəsi və digər erməni lobbi təşkilatları Obamanın bu qərarının Konqres tərəfindən dəstəklənməməsi və Dağlıq Qarabağa maliyyə yardımının ayrılması uğrunda mübarizəyə başlayıb”-deyə A.Quliyev qeyd edib.
Deputatın fikrincə, ermənilərin bu niyyətlərinin qarşısını almaq üçün ABŞ-da fəaliyyət göstərən bütün Azərbaycan və Türk diasporaları səfərbər olmalı, Konqresin növbəti dəfə ermənipərəst mövqedən çıxış etməsinə və ədalətsiz qərar qəbuluna imkan verməməlidir.
“Azərbaycanda fəaliyyət göstərən QHT-lər, siyasi partiyalar və KİV-lər də Obamanın sözügedən qərarını dəstəkləməli və Konqresə müvafiq müraciətlər göndərməlidirlər. Nəticədən asılı olmayaraq hamımız bu məsələyə etiraz etməli, Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ı və Konqres üzvlərini növbəti yanlışa imza atmamağa inandırmağa çalışmalıyıq”.
A.RÜSTƏMOV